M.Ə.RƏSULZADƏNİN HƏYATI
MÜSAVAT PARTİYASININ İLK BAŞQANI MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ
Müsavat Partiyasının lideri və ilk Başqanı Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olub. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zal qızı Zinyətdir.
İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məhəmməd Əmin Rəsulzadə sonradan texniki məktəbə daxil olub. M. Ə. Rəsulzadə 1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb, 1903-cü ildə isə onun ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış edib, "İrani-Nou" (Tehran), "Açıq söz" (Bakı), İstanbulda yayınlanan "Yeni Qafqasiya" (1923-1928), "Azəri-Türk" (1928-1929), "Odlu Yurd" (1929-1931) və 1934-38-ci illərdə Berlində çap olunan "Qurtuluş" jurnalı və "İstiqlal" qəzetinin yaradıcısı olub. 1952-ci ildə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Ankarada "Azərbaycan" dərgisi nəşr edilib.
M. Ə. Rəsulzadənin jurnalist fəaliyyətindən başqa çoxlu sayda kitabları da çap olub.
1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M. Ə. Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışır, Səttarxan hərəkatında yaxından iştirak edir, 1911-ci ildə isə Rusiya səfirliyinin tələbi ilə İrandan çıxarılır.
1911-13-cü illərdə M. Ə. Rəsulzadə İstanbulda Türk ocağında çalışır, "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlamadan sonra M. Ə. Rəsulzadə Bakıya qayıdır və burada ciddi fəaliyyətə başlayır.
1918-ci ilin 28 Mayında Azərbaycan İstiqlalı elan olunandan sonra o, Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-20-ci illərdə Azərbaycanın demokratik dövlət quruculuğu prosesində M. Ə. Rəsulzadənin böyük rolu olub.
1920-ci ilin 27 Aprel işğalından sonra M. Ə. Rəsulzadə həbs edilib. O, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az keçməmiş Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiyaya daha sonra Türkiyə ərazisinə keçib.
1922-ci ildən M. Ə. Rəsulzadə çətin və mürəkkəb hadisələrlə dolu mühacirət həyatını yaşayır. Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada yaşayaraq Azərbaycan İstiqlalı uğrundakı mübarizəsini davam etdirib.
M. Ə. Rəsulzadə 1955-ci ilin mart ayında Ankara şəhərində dünyasını dəyişib. O, Əsri məzarıstanlığında dəfn edilib.


