SEVGİ İstək
İSTƏK
Elm sübut edir ki, insanda orta hesabla mindən çox duyğu hissi vardır. Bu qədər duyğu hissləri içərisində istək, sevgi və şəfqət önəmli yer tutur. Bu hisslər Allahın insan qəlbinə qoyduğu əvəzsiz bir ne’mətdir. Bir əxlaq alimi bu barədə belə deyirdi: “Əgər Allah istədiklərinizi verməz olsaydı, sizə heç istəmək hissini də verməzdi.”
İstək və sevgi həm anadangəlmə, həm də sonradan qazanılan olur. Məsələn, valideyndəki övlad sevgisi anadangəlmə sevgiyə misal ola bilər. Diqqət yetirsək, şüursuz canlılarda da istək, sevgi, şəfqət hisslərinin olduğunu görərik. Bir bitki özünün həyatını davam etdirməsi, yaşaması, boy atması üçün torpaqdan, havadan müəyyən şeylər istəyir; heyvanların da yeməyə, suya, qayğıya, nəvazişə ehtiyacları vardır və onlar bunu istəyirlər. Heyvanların belə qəlbinə öz balalarına qarşı sevgi hissi qoyulmuşdur.
Aləmləri, varlığı anlamağa başlayan insan üçün dünya, ondakı canlı, cansız nə varsa, hər şey yeni bir dəyər qazanır, başqa bir əhəmiyyət kəsb edir. İnsan tanımağa başladığı hər bir şeyə qarşı qəlbində bir hiss duyur: bə’ziləri xoşuna gəlir, bə’zilərindən xoşlanmır. Xoşuna gələnlərin daim davam etməsini arzu edir, başqa sözlə onları istəyir.
Fiziki və mə'nəvi istək. İnsan həm fiziki, həm də ruhi varlıq olduğundan, ondakı istək də həm fiziki, yə'ni bədəninin istəkləri, həm də mə'nəvi, yə'ni ruhunun istəkləri şəklində olur. Məsələn, bədənimiz öz varlığını saxlamaq üçün zaman-zaman yemək, içmək, hava istəyir. Ürəyimiz bə’zən acı, bə’zən şirin, bəzən yağlı, yaxud başqa bir şey arzu edir. Bu istəklərə biz aclıq, susuzluq, tənəffüs və s. deyirik. Ruhun da istədikləri var, düşünmək, sevinmək, şənlənmək, hətta kədərlənmək, lovğalanmaq və s.
Onu da qeyd etmək lazımdır ki, istər bədənin, istər də ruhun bütün istəklərini yerinə yetirmək hər zaman xeyirli olmur. Məsələn, acmış adam normadan çox yeyərsə, susamış adam həddindən artıq su içərsə, fayda əvəzinə zərər görmüş olar.
Ruhi istəklər də yerinə yetirilməzsə, ruhumuz xəstələnər. Lakin ruhun hər istəyini də artıqlaması ilə vermək yanlışdır. Məsələn, ruhumuz dincəlmək istəyir. Əgər biz norma daxilində bu istəyi yerinə yetirəriksə, ruhumuz təzələnər, səmərəli işləmək, oxumaq, çalışmaq üçün yeni qüvvə qazanarıq. Əksinə, lazım olduğu qədərdən artıq dincəlmək isə insan bədənini dincəltmək əvəzinə yorar, onu tənbəlliyə alışdırar, süstləşdirər, insanı faydalı işlər görməkdən uzaqlaşdırar.
Eyni sözləri digər ruhi hisslər barəsində də demək olar. Ona görə də, insan öz istəyini yaxşı bilməlidir. Nə istəyir? Nə üçün istəyir? Nə qədər istəyir? Ən başlıcası isə kimin üçün istəyir?
Bu suallara cavab tapmadan, bunlar üzərində düşünmədən istəmək insanı səhv yola sala bilər, ondakı insani dəyərləri məhv edər, insanı insanlıqdan məhrum edər. Çünki istəyin növbəti mərhələsi, daha güclü forması sevgidir. Əgər insan öz istəyinə nəzarət edə bilməsə, sevgisi də nəzarətdən çıxar, şüurlu sevgidən kor-koranə sevgiyə çevrilər.
Əxlaqımızın nümunəsi, sevgili Peyğəmbərimiz bu barədə belə demişdir: “Nə qədər ki, özünüz üçün istədiyinizi, sevdiyinizi mö'min qardaşınız üçün də istəmirsiniz, sevmirsiniz, həqiqi inanca sahib olmaq səviyyəsinə yüksələ bilməzsiniz.”
Sevgi
Yuxarıda da dediyimiz kimi, istəyin daha güclü formasına sevgi deyilir. İnsan çox istədiyi şeylərə çox aludə olursa, istək sevgiyə çevrilir. Sevgi bütün canlılara məxsus, insanda isə şüurlu şəkildə mövcud olan hissdir.Bu tə'rifdən göründüyü kimi, istək kimi sevgi hissi də bütün yaradılanlarda vardır; istər insan cəmiyyətinə, istərsə də heyvanlar və bitkilər aləminə nəzər salsaq, bunun ən bariz nümunələrini müşahidə edərik. Hər hansı bir heyvana nəvaziş göstərsək, ona qayğı ilə yanaşsaq, qarşılığında onun bizə qarşı xoş münasibətini, hətta bizə bağlılığını, sədaqətini də hiss etmiş olarıq. Tarix boyu at, it, pişik, hətta vəhşi heyvanlarla belə insanların dostluğuna, onlar arasında sədaqətə dair hadisələr, faktlar çox bəllidir və bu gün də vardır.
Sevgi İlahi ne'mətdir, Allahın xoşuna gələn hissdir. O, bütövlükdə insanı dəyişir, onu fədakar edir. Sevgidən şəfqət doğur. Hər kəs sevdiyinə şəfqət göstərər, ona qarşı mərhəmətli olar, onun nöqsan və qəbahətlərini görməməyə çalışar. Ürəyində sevgi olan insan sevdiyi uğrunda hər şeyə hazır olar - lazım gələrsə, ac da, susuz da qalar, hər cür əziyyət də çəkər - təki sevdiyinə bir xətər toxunmasın, təki o məmnun olsun.
Məhz sevgi hissi sayəsində ana balası üçün özünü hər cür təhlükəyə atır. Sevgi sayəsində övlad valideynləri üçün hər cür fədakarlıq edir. İnsan müəlliminə, dostlarına, qohum-qonşusuna olan sevgisi sayəsində onlarla rahat həyat sürür. İnsanların qəlbində torpağına, dövlətinə, bayrağına sevgi hissi olmasaydı, üzərində gəzdiyimiz bu torpağa Vətən deyib onun uğrunda qan tökməz, can verməzdilər. Demək, sevgi bir tək insanı deyil, bütöv cəmiyyəti saxlayan, onu möhkəmləndirən İlahi ne'mətdir. Sevgisiz həyat mümkün deyildir. Sevgi insanlar arasında, insanla onu əhatə edən aləmlər, kainat arasında bir əlaqə vasitəsidir. Sevgi ilə dostluq, qardaşlıq bağları güclənir, sevgi ilə qəlblər birləşir, könüllər qovuşur. Millətlər və xalqlar arasında bir-birlərinə e'timad, e'tibar əldə edilir



bu qeder sevgiden yazmisiniz sag olun.eladir.duzdur.amma senin yazdigina emel elemeyenler coxdur axi?meselen 1 qiz sevib sevilirse oglan onu qefil atirsa qiz neylemelidr ,oglan onu aldadirsa ,saymirsa,hissleri le ,duygulari ile oynayirsa ,1 mektub nedirki yazmirsa sence bu qiz ne etmelidir?mene cavab verseniz memnun olaram
onu da nezerinize catdirimm ki,oglan butun islere vaxt tapib ,gozleri yollarda qalmis sevgilisine 1 mektub da yazmir.mence qiz ne etmelidir?
evveleden tesekkurler
Avqust 1, 2007 10:11