MİRZƏ SAKİT
Dur mənimlə yanaşı
Qarın otaranlara.
Fikirləşib boş başını az qaşı,
Kişisənsə, dur mənimlə yanaşı.
“Dərslərindən” beş almısan, beş üstə,
Nə deyiblər söyləmisən baş üstə,
Şivən salıb ağlamısan leş üstə.
Lap tutalım, sən “ustadsan”- mən naşı
Kişisənsə, dur mənimlə yanaşı.
Yazdıqların məddahnamə, bic əsər.
Əsərində baş qəhrəman gicbəsər.
Tulladılar qənşərinə - müxtəsər,
Axşam-sabah kabab, plov, bozbaşı
Kişisənsə, dur mənimlə yanaşı.
Xəlvət yerdə nə var hədyan deməyə,
Onun-bunun hesabına yeməyə.
Qorxanları çağırmaram köməyə
Oğul istər təkcə qursun savaşı-
Kişisənsə, dur mənimlə yanaşı.
Sabunlanıb vəzifəyə “ilişdin”,
Nazirlərlə əl tutanda irişdin.
Yavaş-yavaş ticarətə girişdin
Bəyənmirsən “Mersedes”i, “tofaş”ı
Kişisənsə, dur mənimlə yanaşı.
Heydərizm xalqı salıb dərəyə
Baş aldadan dürmək verib hərəyə
Ümüd qalıb bir qarınlıq çörəyə
Arzumanın nə əti var, nə aşı-
Kişisənsə, dur mənimlə yanaşı.
Naxçıvanda Vasif Xandan nə xəbər?
Öyrənibmi heç olmasa “ə zəbər”.
Yaman şişib bu “savadlı” bəxtəvər
Medal verib, öndərləşən qaqaşı
Kişisənsə, dur mənimlə yanaşı.
Zənginləşdi... Baş əyənlər şeytana
Əyməyənlər yuvarlandı zindana
Qan tökülür kim tərəfdən meydana?
Görmürsənmi Ramil kimi fərraşı
Kişisənsə, dur mənimlə yanaşı.
Türmədəyəm, meylin çəksə gəl qonaq,
El dərdinə bircə günlük bir yanaq.
Mən yediyim duzsuz, yağsız qayğanaq.
Nə olsun ki, sən tıxırsan qulyaşı
Kişisənsə, dur mənimlə yanaşı.
“Parlamentdəki deputatlar xalq tərəfindən seçilsəydi, daha bura Azərbaycan olmazdı ki...”(Spikerin Vitsini)


