BABA PÜNHANDAN SEÇMƏLƏR
Elə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,
Mən elin dərdini gizlin daşımaqçün yaşadım.
Bir ürək dözmədi yüksəklərin alçaqlığına,
Ona güc verdi xuda dözməli dağçün yaşadım.
Gözümün qarəsi əşk ilə töküldü varağa,
Varağım qarələnincə bu varağçün yaşadım.
Gələcək nəslə həqiqətləri çatdırmaq üçün,
Anadan olmayan onlarla uşaqçün yaşadım.
İblisin son gününə xeyli marağım var idi,
Allahın hökmü ilə böylə maraqçün yaşadım.
Mən demişdim kişi yox, ölkə papaqnan doludur,
Bu mənə yer elədi, bax bu papaqçün yaşadım.
Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.
23 noyabr, 2001
Mərkəzi klinik xəstəxana


