Əli İnsanov Ali Məhkəməyə kassasiya şikayəti verib
Bu haqda məlumatı ANS PRESS-ə sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Ağaveyis Şahverdiyev verib
Sabiq səhiyyə naziri Əli İnsanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin barəsində çıxardığı hökmün Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxlaması haqda qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu haqda məlumatı ANSPRESS-ə sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Ağaveyis Şahverdiyev verib. Onun sözlərinə görə, şikayət məhkəməyə təqdim edilib.
Qeyd edək ki, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunan Ə. İnsanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Ə. İnsanov, onun bacısı oğlu Anar Namazov və təqsirləndirilən şəxslərdən biri Eldar Rzayevin cəzasının olduğu kimi saxlanması barədə qərar çıxarıb./ANS PRESS/



