Gürcüstanda hakimiyyətə qarşı yenidən «Qızılgül inqilabı» başlayıb
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin həbsi ilə bağlı Gürcüstan müxalifəti aksiyaya başlayıb. Polis təhlükəsizlik məqsədi ilə Okruaşvilinin lideri olduğu «Vahid Gürcüstan naminə» partiyanın binasını mühasirəyə alıb. Mitinq iştiarkçıları həmçinin mərkəzi Şota Rustavelli prospektini bağlayıblar. Mitinqdə Okruaşvilinin xalqa müraciəti oxunub. O, tərəfdarlarına onu dəstəklədikləri üçün təşəkkürünü bildirib. Müxalifət parlament və prezidentə qarşı müqavimət hərəkatının başlandığını bildirib. Polis və əsgərlər hazır vəziyyətə gətirilib.
Hətta aksiya iştirakçılarından bəziləri «Qızılgül inqilabı»nın təkrarlanmasına dair fikirlər səsləndirib, Saakaşvili istefaya getməyincə dağılışmayacaqlarını bəyan ediblər. Amma aksiyanın təşkilatçılarından olan müxalifətçi deputat Qia Tortladze aksiyanın dayandırılmasının və yaxın günlərdə davam etdirlməsinin qərara alındığını söyləyib.
Ölkənin hüquq müdafiə təşkilatlarının açıqlamalarına görə, aksiyada 10 minlərlə adam iştirak edib. Mitinqin başlanğıcında polis işçiləri ilə aksiya iştirakçıları arasında Rustaveli prospektində qarşıdurma olub. Nəticədə bir neçə nəfər saxlanılıb. İki nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanya yerləşdirilib.
ANS PRESS-in Gürcüstan müxbirinin verdiyi məlumata görə, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin həbsinə etiraz olaraq ölkə müxalifətinin təşkil etdiyi mitinq 4 saat yarımdan sonra insidentsiz başa çatıb. Müxalifət qüvvələri növbəti aksiyanın oktyabrın 2-də keçiriləcəyini bəyan ediblər.
Parlament binası qarşısında başlayan mitinqə əsasən müxalifətdə olan 4 təşkilatın, Respublikaçılar, Mühafizəkarlar, Yeni sağçılar və Xalq partiyasının təmsilçiləri qatılıb. İrakli Okruaşvilinin həbsinə etiraz bildirən aksiya iştirakçıları həmçinin Gürcüstan iqtidarının siyasətini pisləyən bəyanatlar verib, hakimiyyət elitasını cinayətkarlıqda və rüşvətxorluqda günahlandırıblar.
Respublikasçılar partiyasının lideri David Berçianişvili hakimiyyəti xalqın etimadını doğrultmamaqda ittiham edərək istefa tələbini irəli sürüb. Mitinqin gedişinə isə polis qüvvələri müdaxilə etməyib. Yalnız bir halda asayiş keşikçilərinin tələbinə əməl etməyən bir nəfər parlament meydanından uzaqlaşdırılıb.
Müxalifət liderləri aksiyaya təqribən 17 min nəfərin qatıldığını bildiriblər. Lakin hakimiyyət nümayəndələri mitinq iştirakçılarının sayı barədə konkret açıqlama verməyiblər.ANS PRESS/



