Qarayara tutulan xəstələr virusun xəstə heyvanın ətindən keçdiyini bildirirlər
Bərdədə qarayara xəstəliyinə tutulmaqda şübhəli bilinən Kəlbəcərli məcburi köçkünlər virusun kəsilmiş heyvanın ətindən keçdiyini iddia edirlər. Yerli sakinlər qonşuları Azad Rzayevin kəsdiyi xəstə heyvanın ətindən istifadə etdikdən sonra bədənlərində xoralar əmələ gəldiyini deyiblər. Hazırda Bərdə Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan Azad Rzayev isə deyilənlərlə razılaşmır.
Xəstəliyin qeydə alındığı əraziyə Kəlbəcər rayon Baytarlıq İdarəsi nəzarət edir. Sakinlərin sözlərinə görə, bir həftədir ki, əraziyə nəzarəti gücləndirən baytarlar sakinlərə hadisə barədə mətbuata məlumat verməməyi tapşırıblar. Kəlbəcər rayon Baytarlıq İdarəsi isə sakinlərin verdiyi bu məlumatı təkzib edib. Sahə həkimi Qamboy Aslanov ANS TV-yə müsahibəsində ərazidəki heyvanlarda da hər hansı bir xəstəliyin müşahidə olunmadığını deyib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Cuma Əleyhinə Stansiyasının və Respublika Baytarlıq Xidmətinin əməkdaşları ərazidə araşdırma aparıblar. Torpaqdan və xəstələrdən götürülən nümunələrin analizlərinin nəticələri bir həftə ərzində məlum olacaq.
Bərdə Xəstəxanasının şöbə müdiri Arif Qasımov isə bildirib ki, xəstələrin qarayaranın dərinin üzərində müşahidə olunan formasına yoluxduğu ehtimal edilir. O, bildirib ki, dəri formalarında ölüm faizi yox dərəcəsindədir. /ANS TV/


