Mirzə Sakit ad gününü ailəsi ilə birgə keçirdi
Satirik bu gün 14-cü kalona qaytarılır“Azadlıq”ın həbsdə olan yazarı Mirzə Sakitə doğum gününü ailəsi ilə birgə keçirməsinə heç bir problem yaradılmayıb.
Həyat yoldaşı Rəna Zahidovanın sözlərinə görə, Böyük Şordakı müalicə müəssisəsində bunun üçün onlara ayrıca otaq da ayırılıb: “Saat 12-dən axşam saat 5-ə qədər Sakitlə bir yerdə olduq. Uşaqlar doyunca da olmasa, atalarını gördülər, təbrik etdilər. Hamısı bir-bir öz hədiyyəsini verdi. Ən çox xoşuna gələn hədiyyə dəftərlə qələm oldu. Uşaqlar da, Sakit də çox sevindilər. Həbs olunduğu gündən bu yana birinci dəfə idi ki, ailə olaraq hamımız bir yerdə idik”.
R.Zahidova onu da bildirdi ki, M.Sakit bu gün 14 saylı kalona qaytarılacaq. Əgər, bu baş versə, o, aclıq aksiyasına başlayacaq: “Artıq ərizə də yazıb ki, əgər, onu bu kalona qaytarsalar, dərhal aclığa başlayacaq. Başqa kalona köçürülməyənə qədər də aclığı davam etdirəcək. Ərizəsində onu da yazıb ki, kalonun rəisi onunla yola getmir, üstəlik, ora gedən kimi ayaqları quruyur, səhhəti pisləşir”.
Gültəkin


