Elçibəylə üz-üzə - Güntay Gəncalp
Giriş
Bakının dərinliyini axtarırdım. Yazarlarla, şairlərlə tanış olurdum. Bu tanışlıq sürəcində özünü peyqəmbər adlandıran və ATA ləqəbini seçmiş olan Asif Əfəndiyevlə tanış oldum. 8 ay onunla əlaqə saxladım. Maraqlı sözlər danışırdı. Demək olar ki, Asif Əfəndiyevin bütün əsərlərini oxudum. Asif Əfəndiyevin Nəsimi, Füzuli və təsəvvüflə bağlı söylədiklərinin heç bir epistemolojik tərəfi yox idi. Xüsusən Füzulini anlaya bilmədiyi üçün öz xəyallarını onun adına yükləyirdi, danışıqlarında və yazılarında. Demokrasini qəti şəkildə qəbul etmirdi, çünkü həm demokrasiyə, həm də dini iqtidara qarşı olaraq “ATALIQ” üsul idarəsini gəlişdirmişdi. Ata da xalq tərəfindən seçilmir, öz-özünə yetişirdi. Ancaq yetişmədiyi zaman toplumun necə idarə olacağı haqda da bir boşluq var idi Asif Əfəndiyevin siyasi fəlsəfəsində. Ayrıca iqtisadi proqramında da “minimal ekonomi” prinsipini dəyişilməz şərt kimi ilkələri içinə yerləşdirmişdi. Minimal iqtisadi sistemlə Erməni işğalının qarşısı necə alına bilər sualları cavabsiz idi, mərhumun görüşlərində. Gerçəkliklə bütün bağlarını qoparmış utopik bir dünya görüşü gəlişdirmişdi. Xüsusən Azərbaycan tarixini və tarixi evrələr içində musiqinin rolunu, evrim evrələrini anlaya bilmədiyi üçün musiqi ilə bağlı söylədikləri və yazdıqları da yalnız özünün gəlişdirdiyi fəlsəfənin özəlliklərini anlatmağa yönəlik idi. Yalnız Asif Əfəndiyevin rus dilində bir çox məlumata sahib olduğunu kimsə inkar edə bilməz. Bu bilgilərin fanatik prinsiplərə tabe tutulması bir başqa qonudur.
Asif Əfəndiyevlə bütün ilişkilərim kəsilmişdi. İç kontrolum yox idi. İç kontrolun olmamasının yaxşı və olumsuz tərəfləri var. Yaxşı tərəfi budur ki, bu iç kontrolu sağlamaq üçün daimi axtarışda və hərəkətdə olmalısan. Daimi hərəkət düşüncənin gerçək tərifidir. Hərəkət olmayan yerdə düşüncə mərkəzləşə bilməz. Düşüncənin mərkəzləşib dağılması və bu sürəcin peryodik şəkildə davam etməsi dialektiyin gerçək tərifidir. Ol səbəbdən də fikir adamları daimi bir hüzursuzluq içində olmuşlar.
Ruhən çox çətin durumda idim. Digər tərəfdən Bakıdakı iqtisadi gərginlik də bu ruhi gərginliyimə artırılmışdı. Kitab tapa bilmirdim oxumağa. Rus dilini bilməyən bir fikir adamı üçün Bakıda yaşamaq çox çətindir. Çünkü heç bir fikri qaynaq mövcud deyildir ana dilimizdə. Bu, məni çox üzən bir hadisə idi. Ömrümün mənasız, elmsiz və bilgisiz keçməsi ruhumu cəhənnəmə çevirmişdi. Böylə bir sarsıntı içində Bakıda fəaliyət göstərən Hind mədəniyətinin təbliğatçısı Krışnaistlərlə tanış oldum. Bütün Vedaları Azərbaycan Türkcəsinə tərcümə etmişlər. Bhaqvad-Qitanı pulsuz olaraq hədiyə etdilər mənə. Bu kitab olmasaydı, bəlkə də intihar edərdim. Həyatıma anlam qazandıran, ruhumu sakitləşdirən və içimə aydınlıq gətirən bu kitab oldu. Yoxsul bir məhəllədə həyatımı aydınladan Vedalar idi. Mahatma Qandi kimi bir ulu insanı yetişdirən Hind mədəniyətinə öz ruhumun və vicdanımın dərinliyində borcluluq və minnətdarlıq hissi daşıyıram. Bu gün keçmişimə baxarkən, düşünürəm ki, Krişnaistlər qədər bizim milli kimliyimizə xidmət edən az kəsim var. Hind mədəniyətini bizim dilimizə çevirib nəfis şəkildə çap etmələri türkçəmizə ən böyük xidmət olmuşdur.
Kitabı oxumağı özünə yasaq etmiş, onun-bunun 5-6 sözünü əzbərləyib özünü önəmli siyasətçi sayanlardansa Bakıda fəaliyət göstərən Krişnaistlər daha çox xidmət edirlər bizim milli dilimizə, milli kimliyimizə. Hind mədəniyətinin ana dilimizə tərcümə olması özü-özlüyündə dilimizin gəlişməsi baxımından çox önəmli bir hadisədir.
Daha sonra gecə gündüz içimə qapılıb Mövlananı, Füzulini, Hafizi, Əttarı və bu kimi mütəsəvviflərin əsərlərini oxuyurdum. Bakıda Türkiyəlilərin açdığı camilər mənim üçün çox faydalı oldu. Türk dilinə tərcümə edilmiş Şərqin böyüklərini demək olar ki, Türk camilərindən alıb oxudum. Türkiyədə dini təriqət olan Nurçuların da Bakıda kitabxanalarının açılması ayrıca bir fürsət oldu. Nurçuların kitabxanasında bolluca sosioloji və psikoloji kitablar var idi. Eyni zamanda İranın Bakıda açdığı kitab mağazasında da əski ədəbiyat mövcud idi. Bəlkə də İranın Bakıda gördüyü ən yaxşı iş o kitab mağazasını açmasıdır.
Dörd il həyatım bu şəkildə keçdi. Artıq yavaş-yavaş siyasi bilgilərimin də artmasına ehtiyac duymaqda idim. Bəzi yazılar yazırdım, ancaq heç bir qəzet çap etmirdi. Indi də çap etməzlər. Sanmıram gələcəkdə də çap etsinlər. Bakıdakı sosio-psikolojik mühit çox fərqlidir. Sosio-psokolojini zorlamaq olmaz. Yazılarımın yayınlanmaması məni hədsiz dərəcədə narahat edirdi. Çünkü toplumun içinə çıxmamış bir yazı tənqid də edilə bilməz. Təqdir və tənqid işığında yazıçı inkişaf edir. Qələm təcrübə qazanır.
1996-cı ildə bəzi qəzetlərdə kiçik siyasi yazılarım çap olmağa başladı. Xüsusən “Cümhuriyət” qəzetində “Güney Azərbaycan Türk Cümhuriyətinə Doğru…” başlıqlı bir neçə dizi yazılarım yayıldı. Bu yazıları Elçibəy də oxuyurmuş. Bir gün Cümhuriyət qəzetinin baş redaktoru Yadigar bəy Elçibəydən bir məsaj verdi mənə. Elçibəy “yazılarını diqqətlə oxuyuram və fikirlərin mənim üçün maraqlıdır”-deyə yazmışdı. Elçibəyin bu məsajı mənim üçün çox sevindirici oldu. Çünkü belə dəyərli bir insanın yazımı oxuması mənim üçün əlamətdar hadisə idi. Elçibəyin bir çox müsahibəsini oxumuşdum. Demək olar ki, Qəzetlərdə çıxan bütün müsahibələrini oxuyurdum.
1997-ci ildə Elçibəy Bakıya təşrif gətirdi. Bakının siyasi ortamı çox isinmişdi. Elçibəyin Bakıya gəlişi ilə Güney Azərbaycan məsləsi də ciddi şəkildə ictimaiyətə yerləşməyə başlayacaqdı. Hər zaman bu şəkildə olmuşdur. Böyük fikirlərin arxasında böyük bir liderin əxlaqı, mənəviyatı, inancı və iradəsi durmuşdur. Liderlər hər zaman yetişməzlər. Politikacı olmaq lider olmaq deyildir. Ümumiyətlə lider politikacı deyildir. Çünkü politikacı yalan danışa bilər, ancaq lider yalan danışmaz, xüsusən də öz millətinə heç bir şəkildə yalan deyə bilməz. Liderin böyük əxlaqı yalan danışmağı önlər. Elçibəyin Bakıya gəlişi ilə mənim də adım gündəmə girəcəkdi. İşi-gücü yalnız kitab oxumaq olan, yazdıqlarını heç bir yerdə çap etdirə bilməyən bir gənc adamın Elçibəy tərəfindən bu şəkildə təqdir görməsi əlbəttə sevindirici bir hadisə idi.
Elçibəy Bakıda yaşayan Güneylilərlə görüş təyin etmişdi. Mən də bu görüşə qatılırdım. Bunu mən istəməmişdim, Elçibəy istmişdi. Çünkü mənim elə bir istəkdə bulunmaq üçün səlahiyətimin olduğunu sanmırdım. Elçibəy bizim hər tək-təkimizi o uzun boyu ilə bağrına basıb öpürdü. Sadəcə əl görüşmürdü. Elçibəyin hüzurunda özümü güvəndə hiss edirdim. Həyatımda ilk dəfə idi bu qədər dərin bir mutluluq və arxayınlıq içində idim. Mən bu mutluluğu və güvəni yalnız kitablarda oxumuşdum. Elçibəy BÖYÜK insan idi. Böyüklük nədir? Biz özümüzdə olan özəllikləri başqasında gördüyümüz üçün ona böyük demirik. Böyük insan o kəsdir ki, onda olan özəllik bizdə yoxdur. Ancaq olmasını arzu edirik. Elçibəy də bu arzu etdiyimiz böyüklük var idi. O üzdən də Elçibəy böyükdür və onun böyüklüyünün aydınlığı hər zaman Türk millətinin yoluna işıq saçacaqdır.
Elçibəylə görüşdüyümdə özümü təqdim edərkən, mənə “Sənin qələminə böyük hörmətim var”- dedi. Bu söz mənim çox dərinliyimə yeridi. Ən çox sevdiyim sözdür. Uzun zaman idi sanki bəklədiyim bir cümlə idi. Söhbət zamanı Elçibəyin vücudundan qaynaqlanan güvən və sevgi duyğuları hamımızın ruhumuzu sarmışdı. Sankı Birləşmiş Azərbaycan vətəninin arxayınlığı içndə hiss edirdik özümüzü. Elçibəyin sifətindən, davranışlarından, baxışından qaynaqlanan işıq bizə rahatlıq verirdi. Böyük bir mücadiləyə girişimiz üçün güvən qaynağı idi Elçibəy.
Bütöv Azərbaycan Birliyi quruldu. Hər həftə keçirilən toplantılarda demək olar ki, mən məruzəçi kimi çıxış edirdim. Xüsusən bəzi tarixi hadisələrlə bağlı Elçibəy özəlliklə məni görəvləndirirdi məruzə üçün. Bu da mənim üzərimə böyük məsuliyət yükləyirdi. Yüzlərcə professorun, elmlər namzədinin önündə çıxıb məruzə eləmək asan iş deyil. 1998-ci ildə 18 fevral (29 bəhmən) hadisəsi ilə bağlı məruzəçi kimi danışdım. Bu məruzələrin hamısı video-kasetə alınırdı. Mənim məruzəmə bir çox etirazlar gəldi. Bu etirazların bir çoxunun qısqanclıqdan olduğunu bilirdim. Mən bu məruzəmdə İslam sonrası farsların fars milliyətçiliyi mərkəzli islam arayışlarından danışmışdım. Adətən hər bir məruzənin sonunda Elçibəy danışar, yekun sözü söylərdi. Bu məruzənin də sonunda Elçibəyə söz verildi. Elçibəyin söylədiyi ilk söz bu oldu: “Bəylər, etirazlarınız yanlışdır. Güntay bəyin bu məqaləsi dərgilərdə çap olmalı və tarix institutlarında öyrənilməlidir. Güntay bəyin baxdığı bucaqdan İslam sonrası tariximizə baxmalıyıq”-dedi. Elçibəyin bu sözləri hər kəsi yerində oturtmuşdu. Sonra da sözlərinə davam elədi…
1997-ci ilin 21 Azər ildönümündə də məruzəçi mən idim. Məruzəmi bitirdikdən sonra Hüseyn Cavidə həsr etdiyim bir şeirimi böyük bir coşqu ilə oxudum. Elçibəy ön sırada oturmuşdu. Şeirimi oxuyarkən Elçibəyin gözlərindən axan yaşı gördüm. Başqaları görməsin deyə əli ilə yanaqlarını görünməz hala gətirmişdi.
Bu şəkildə mutlu bir həyatımız davam edirdi. Elçibəylə birlikdə yaşayırdıq millət olaraq. Elçibəyin varlığı həyatdakı əksikliklərimizi unutdurmuşdu.
2000-ci il fevral ayının 25-də Azəri-Türk Qadınlar Təşkilatının başqanı Yazıçılar Birliyinin Natəvan klubunda elmi konferans düzənləmişdi. Mövzunu mən özüm təyin etmişdim: “Millət-din-dövlət”. Tək məruzəçi də mən idim. Məruzəm bitdikdən sonra indi parlamentoda millət vəkili olan birisi mənə çox qaba şəkildə “niyə çıxıb orda monoloq söyləyirsən?!”-deyərkən, Elçibəy üzünü adama tutub “hünərin var sən də çox belə bir monoloq söylə sənə də qulaq asaq”-deyə yerində oturtdu. Mənim oradakı məruzəmdən sonra Türkiyə dövləti Bakıda görəvli olan Diyanət İşlərinin təmsilçisini görəvindən almışdı. Məruzəmdə Türkiyənin Azərbaycanda yanlış dini politika yürütdüyü haqda bilgi vermişdim.
Bu şəkildə enerjili bir həyatımız davam edirdi. Ancaq bu mutluluğun ömrü çox olmadı. 2000-ci il Avqust ayının 22-də Elçibəy Ankarada vəfat etdi. Ölüm xəbərini duyarkən dünya başıma daraldı. Bütün Azərbaycanlıların evində əziz bir insan ölmüşdü. İnsanların bu qədər sədaqətlə ağlamasına tanıq olmaq da gözəl bir şeydi. Elçibəy ölmüşdü. İçimə qorxunc bir umutsuzluq çökmüşdü. Gözlərimin yaşını tuta bilmirdim. Ən çox da tənhalığımda ağlayırdım. Bu sətirləri yazarkən də göz yaşlarımı tuta bilmirəm. Hər zaman Elçibəyi anarkən göz yaşlarım sel olub axıb gedir. Boyunumda bir dostluq, bir vəfa borcu var. Elçibəy vəfası. Sevirəm vətənimi, Elçibəyi yetişdirən millətimi, vətənimi sevirəm.
Elçibəyin vəfatından sonra yuxularıma qarışan gərginlik səbəbilə olsa gərək, ard-arda Elçibəyi yuxuda görürdüm. Bir dəfə Elçibəyin evində yalnız ikimiz idik. Müxtəlif mövzulardan danışdıq. Söz gəldi insanın iç dünyasına, mənəviyata və yuxulara. Elçibəy dedi: “Cavanlığmda bir yuxu görmüşdüm. Heç kəsə deməmişəm. Sənə deyirəm, ancaq sən heç kəsə demə.” Mən də heç kəsə demədim. İndi də demirəm Elçibəyin yuxusunu.
Ancaq Elçibəyin ölümündən sonra eyni yuxunu mən də gördüm. O yuxunu Elçibəylə aramızda olan sir kimi anladığım üçün özüm gördükdən sonra da kimsəyə demədim. Deməyəcəyəm də, bəlkə gələcəkdə, yüz illər sonra yurdumuzda başqalarının da yuxusuna girər o hadisə.
Ancaq yuxularımın birini burda yazacağam: “Kəndimizdə evimizin üstünə çıxmışam və Savalanın zirvəsinə, qarlı zirvəsinə baxıram. Elçibəyi zirvədə qarın içində görürəm. Savalanın zirvəsindəki qar əridikcə Elçibəy də əriyib, axırdı. Qar sularının vardığı yerdə bağ-bostan gövərirdi. Elçibəyin ruhu Azərbaycanın torpaqlarına hopur, bar-bərəkət gətirirdi.”


