H.Ə. adına Ali Hərbi Məktəbdə və C. Naxçıvanski adına hərbi liseydə 10-dək zabit və kursant həbs olunub
Azərbaycanın hüquq-mühafizə orqanları Heydər Əliyev adına Ali Hərbi Məktəbdə, Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirdiyi əməliyyat nəticəsində 10-dək zabit və kursant həbs olunub. Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, həbs olunan hərbçilər vəhhabilikdə təqsirləndirilirlər. Əməliyyatın oktyabrın 20-də keçirildiyi bildirilib. Həbs olunanlar arasında Müdafiə Nazirliyinin zabitlərinin olduğu da qeyd olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu məlumatı təkzib edib. Adıçəkilən məktəblərdən isə bu barədə məlumat vermək səlahiyyətində olmadıqlarını deyiblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumatın araşdırıldığı bildirilib. Dini mənbələrdən APA-ya o da bildirilib ki, orduda vəhhabiliklə bağlı məlumatların araşdırılması üçün Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə iş aparır. /APA/


