BAKIDA DƏHŞƏTLİ TERRORUN QARŞISI ALINIB
ABŞ və Britaniya səfirlikləri xüsusi iş rejiminə keçdi
MTN ölkə boyu radikal vəhhabi şəbəkəsinin üzvlərinə qarşı əməliyyat keçirir
Azərbaycanda radikal vəhhabilik təhlükəsi ilə bağlı neçə vaxtdır davam edən gərginlik ötən gün pik nöqtəsinə çatıb. Səhər tezdən ABŞ və Böyük Britaniyanın Bakıdakı səfirliklərinin “təhlükəsizliyə yaranmış təhdidlər”lə bağlı bağlandığı haqda xəbərlər yayılıb. Əvvəlcə bildirilib ki, səfirliklərinin fəaliyyəti bütünlüklə dayandırılıb, üstəlik bp şirkətinin “Statoyl”un “Landmark”da yerləşən ofisi də bağlanıb. “Day.az” saytının məlumatlı mənbələrə istinadən yaydığı xəbərdə deyilirdi ki, bazar günü ABŞ səfirliyində xüsusi müşavirə olub. Həmin müşavirədə qərara alınıb ki, Azərbaycanda son vaxtlar artan radikal vəhhabilk təhlükəsinə görə diplomatik missiyanın fəaliyyəti qeyri-müəyyən müddətə məhdudlaşdırılsın.
Az sonra ABŞ səfirliyinin rəsmiləri baş verənlərlə bağlı qısa da olsa bəzi açıqlamalar veriblər. Birləşmiş Ştatların səfirliyindən yayılan məlumatda bildirilib ki, diplomatik missiyanın fəaliyyətinin tam dayandırıldığı haqda məlumatlar şişirdilib. Səfirlik təhlükəsizliyə yaranmış təhdidlər əlaqədar xüsusi iş rejiminə keçib. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik deyib ki, səfirliyin bəzi xidmətləri fəaliyyətini dondurub: “Mən sizə ətraflı məlumat verə bilmərəm. Yaxın günlərdə ətraflı bilgi verilə bilər. Əsasən viza xidmətləri, insanlara açıq xidmətlər məhdudlaşdırılıb. Biz təhlükəsizliklə bağlı məlumatı Bakıdakı Amerika vətəndaşlarına da çatdırmışıq”. Henik deyib ki, səfirlik təhlükəsizliyin gücləndirilməsi haqda məlumat alıb və bu üzdən fəaliyyətini məhdudlaşdırmağı qərara alıb. “Bu nə qədər davam edəcək, deyə bilmirəm”.
Henik deyib ki, o, təhlükənin haradan gəldiyi haqda hər hansı məlumat verə bilməz. Onun sözlərinə görə, səfirliyə ancaq ABŞ vətəndaşlarının xüsusi rejim əsasında daxil olmasına icazə verilir.
Böyük Britaniya səfirliyi də xüsusi iş rejiminə keçib, bp əməkdaşlarını “Landmark”dan köçürüb
Böyük Britaniyanın Bakıdakı səfirliyindən isə “İnterfaks”a məlumat verən mənbə deyib ki, təhlükəsizlik nöqteyi-nəzərindən diplomatik missiya xüsusi iş rejiminə keçib, viza verilməsi və vətəndaşların qəbulu dayandırılıb. Səfirlik əməkdaşı deyib ki, xüsusi iş rejiminin nə vaxtadək davam edəcəyi bilinmir. “bp-Azərbaycan” şirkətinin Bakının Xaqani küçəsində -ÿ"Landmark"da (“Köhnə dəyirman”ın binası) kirayəyə götürdüyü otaqlarda çalışan işçiləri dünən öz ofislərində yox, şirkətin Bayıldakı əsas ofisində işə çıxıblar. Məlumatı “Mediaforum” saytına etibarlı mənbədən verilib.
Mənbə bildirib ki, “bp”nin “Landmark”dakı ofisinin təhlükəsizlik məqsədilə bağlanması xəbəri doğrudur. “bp”nin Bayıldakı ofisinə gəlincə, həm burda, həm də şirkətin “Landmark”ı çıxmaq şərtilə, başqa yerlərdə götürdüyü ofislərində fəaliyyətin məhdudlaşdırılmadığı bildirilir. Böyük Britaniya səfirliyinin isə şəhər telefonları gün ərzində cavab verməyib. Telefonlar isə avtocavaba qoşulub. Qeyd edək ki, Böyük Britaniya səfirliyinin Bakıdakı binası “Landmark”ın binasına bitişikdir. Həmçinin ABŞ səfirliyinin dünən saat 18.00-da “Hyatt Regency” otelində keçirəcəyi tədbir təxirə salınıb. Bu barədə məlumatı “Mediaforum” saytına ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib. Onun sözlərinə görə, tədbir səfirliyin “Azercell-Telecom” Birgə Müəssisəsi ilə birgə təşkil etdiyi ingilis dili kurslarının başlanmasına həsr olunmuşdu: “İndi onun nə vaxt keçiriləcəyi ÿbəlli deyil”.
ABŞ və Britaniya vətəndaşlarına xəbərdarlıq: “Səfirliklərin yerləşdiyi ərazilərə gəlməyin!”
Rusiyanın “Vzqlyad” qəzeti isə Bakıdakı Amerika vətəndaşlarından birinə istinadən xəbər verib ki, bir gün əvvəl Birləşmiş Ştatların və Böyük Britaniyanın vətəndaşları bu ölkələrin diplomatik missiyalarının yerləşdiyi ərazilərdən uzaq durmaq haqda SMS vasitəsilə xəbərdarlıq alıblar. Həmin mənbə deyib ki, Bakıdakı ABŞ və Britaniya vətəndaşlarına hələ bir neçə həftə əvvəl ehtiyatlı olmaq haqda xəbərdarlıqlar edilib, onların yaşadıqları ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Azərbaycanın hüquq-mühafizə orqanları isə əvvəlcə baş verənlər haqda açıqlama verməkdən yayınıblar. Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev ABŞ və Böyük Britaniyanın Bakıdakı səfirliklərinin, eləcə də “bp-Azərbaycan” şirkətinin təhlükəsizliyi ilə əlaqədar görülən tədbirlər haqda hər hansı məlumat olmadığını bildirib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə təhlükəsizlik tədbirlərinin adı çəkilən səfirliklərin öz təhlükəsizlik xidmətlərinin qərarı olduğunu bildirib. O deyib ki, Daxili İşlər Nazirliyinin həmin tədbirlərə, o cümlədən səfirliklərin fəaliyyətinin məhdudlaşdırılmasına bağlılığı yoxdur.
Ölkənin hər yerində vəhhabilərə qarşı əməliyyatlar gedir
ABŞ və Böyük Britaniya səfirliklərinin fəaliyyətlərini məhdudlaşdırması ilə paralel olaraq Bakının Sabunçu və Əzizbəyov rayonlarında vəhhabi təriqətinə mənsub şəxslərin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirildiyi haqda xəbərlər yayılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, əməliyyatı Milli Təhlükəsizlik Nazirliyi yerli polisin köməkliyi ilə birgə keçirib. Məlumatda o da bildirilir ki, ayrı-ayrı şəxslərin evlərində axtarışlar aparılıb, qanunazidd əməllərdə şübhəli bilinən şəxslərin aşkarlanması istiqamətində tədbirlər görülür. Həbs edilənlər var.
“Turan” agentliyi isə məlumat yayıb ki, bazar günü hüquq-mühafizə orqanları paytaxtın Zabrat qəsəbəsində və Xətai rayonunda da vəhhabi qruplarına qarşı əməliyyatı keçirib. Polis və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları “Elektrotok” qəsəbəsində 17 vəhhabini yaxalayıblar. Onlar polisə tabe olmadıqları üçün inzibati qaydada 10-15 gün müddətinə həbs olunublar. Zabratdakı əməliyyat isə uğurlu keçməyib və əməliyyat zamanı saxlanılan olmayıb. İlkin məlumatlara görə, bu tədbirlər nəticəsində silah-sursat tapılmayıb. Ayın 28-dən 29-na keçən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları İsmayıllı rayonu ərazisində vəhhabilərə qarşı əməliyyat keçirib.
Xatırladaq ki, iki gün əvvəl MTN xüsusi təyinatlıları Maştağa qəsəbəsində əməliyyat keçirib, bu zaman bir vəhhabi öldürülüb və iki nəfər silahlı müqavimət göstərdiyi üçün həbs olunub. Avtomatların biri ötən ay bir az əvvəl Xanlar rayonundakı hərbi hissədən qaçan silahlı qüvvələrin zabiti Kamran Əsədovun oğurladığı silahdır.
Rəsmi açıqlama: “Müdhiş terror hücumunun qarşısı alınıb”
Nəhayət, günün sonuna doğru hüquq-mühafizə orqanları ölkədə nə baş verdiyi haqda açıqlama veriblər. MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayevin agentliklərə verdiyi qısa rəsmi məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidmət etdiyi hərbi hissədən 4 ədəd avtomat silahı, 1 ədəd “PK” əl pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib. Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər”.
A.Babayev bildirib ki, MTN tərəfindən oktyabrın 27-də saat 03.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ massivi ev 104 ünvanında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü silahlı müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Oğurlanaraq gizlədilmiş silah-sursatın bir hissəsi həmin ünvanda, bir hissəsi isə İsmayıllı rayonu ərazisində aşkarlanaraq götürülüb. “Eyni zamanda cinayətkar qrupun üzvlərinin Bakıda bir sıra dövlət strukturlarına, beynəlxalq antiterror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı müdhiş terror-təxribat aksiyaları keçirmələrinin qarşısı da alınıb. Faktla bağlı cinayət işi başlanıb, hazırda qrupun digər üzvlərinin zərərsizləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış hərəkətləri davam etdirilir. Əməliyyat şəraitinə nəzarət olunur, ictimaiyyətə əlavə məlumat veriləcək”. Beləliklə, rəsmən təsdiqlənib ki, bəzi xarici ölkələrin diplomatik missiyalarının xüsusi iş rejiminə keçməsi ilə Azərbaycanda neçə vaxtdır vəhhabilərə qarşı keçirilən əməliyyatlar arasında birbaşa bağlılıq var.
ABŞ səfirliyi qarşısında şübhəli şəxslər
Gün ərzində ölkənin müxtəlif bölgələrindən vəhhabilərin həbsi haqda xəbərlər gəlməkdə davam edib. Saat 15.30 radələrində ABŞ səfirliyinin qarşısında vəhhabi olduqları güman edilən iki nəfər saxlanılıb. Saxlanılanların Çingiz Rəfibəyli və Mobil Cəbrayılov adlı şəxslər olduğu bildirilir. Onlar səfirlik əməkdaşlarının polisə müraciətindən sonra saxlanılıb. Bu şəxslərin səfirliyin binası ətrafında gəzişdiyi bildirilir. Daha sonra Nəsimi Rayon Polis İdarəsində izahat alındıqdan sonra həmin şəxslər buraxılıb. Dəvəçi rayonunda isə vəhhabi imam Mirzə Əlibəyov həbs edilib. Yerli məhkəmə elə ötən gün onu “polisə müqavimət” ittihamı ilə 15 sutka azadlıqdan məhrum edib. Siyəzən rayonunda isə bazar günü yerli polis iki vəhhabi qardaşı həbs edib, onların üzərindən narkotik və dini ədəbiyyat müsadirə edildiyi bildirilir.
Bakıda polis gücləndirilmiş iş rejimində işləyib. Xüsusən parklar, şəhərin mərkəzi meydanları, dövlət qurumlarının ətrafları, xarici ölkə səfirliklərinin binaları və əcnəbi şirkətlərin ofisləri ətrafında polis nəzarəti gücləndirilib. Səbail polisinin nümayəndələri “Azadlıq” radiosunun əməkdaşına bildiriblər ki, gücləndirilmiş iş rejimi yaranmış vəziyyətlə bağlıdır. Onlar hətta ətraf rayonlardan şəhərin mərkəzinə polislərin cəlb olunduğunu deyiblər. ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərindən isə bildiriblər ki, onlar öz fəaliyyətlərini oktyabrın 30-dan bərpa edəcəklər.
Təhlükə “Əl-Qaidə”dən gəlir
Xəbərlərdən də göründüyü kimi, Azərbaycan hüquq-mühafizə orqanları xarici səfiriliklərə və dövlət orqanlarına qarşı yönəldiyi deyilən “müdhiş” terror hücumunun qarşısını almaq üçün həbsləri kor-koranə həyata keçirirlər. Vəhhabi təriqətinə mənsub olan istənilən şəxs “polisə müqavimət” adı altında həbs edilir, onların sözügedən terror planında rolu olub-olmadığı isə bilinmir. Bu cür əməliyyat isə çətin ki, terror təhdidinin mənbəyini effektiv şəkildə neytrallaşdırmağa imkan versin. Çünki potensial terrorçular xarici görünüşünə görə vəhhabiyə bənzəməyə də bilərdi. Ehtimal olunur ki, bu təhdid Azərbaycandakı vəhhabi qrupları arasına sızmış “Əl-Qaidə” üzvlərindən gəlir. MTN-in bütün ölkə boyu axtardığı şəbəkədə xarici ölkə vətəndaşlarının da olduğu güman edilir. Çünki bu günlərdə MTN yerli polislə birlikdə Sumqayıtda silahlı ərəbi tutmaq üçün uğursuz əməliyyat keçirmişdi. Həmin ərəbin axtarışı hələ də davam edir. Çox güman ki, o, “Əl-Qaidə” üzvüdür.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Bakıya qəfil məxfi səfərinin məqsədi aydınlaşır
Belə görünür ki, “Əl-Qaidə” şəbəkəsinə daxil olan qrupun terror planı haqda məlumat kifayət qədər etibarlı mənbədən, çox güman ki, ABŞ xüsusi xdmət orqanlarından daxil olub. Əgər birbaşa təhdid yaranmasaydı, ABŞ və Böyük Britaniya səfirlikləri xüsusi iş rejiminə keçməzdi. Birləşmiş Ştatların xaricdəki diplomatik missiyaları bu cür qərarları adətən Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatları və Dövlət Departamentinin xüsusi təlimatı əsasında qəbul edir. Azərbaycanda “Əl-Qaidə” terroru təhdidinin yarandığı haqda məlumatların ABŞ-dan daxil olması versiyası isə ona görə ağlabatan görünür ki, MKİ direktoru general Maykl Hayden Bakıda bir neçə həftə əvvəl məxfi səfərdə olub. Hələ o vaxt “Yeni Müsavat” yazmışdı ki, MKİ direktorunun Bakıya məxfi səfər etməsinə ancaq bir halda zərurət yarana bilərdi: ya “Əl-Qaidə” terror şəbəkəsi haqda ABŞ-ın milli təhlükəsizlik maraqlarına birbaşa təhlükə yaradan hansısa məlumatı çatdırmaq və bu təhlükəni neytrallaşdırmaq üçün birgə əməliyyat keçirilməsini razılaşdırmaq, ya da İrana qarşı mümkün hərbi-kəşfiyyat əməliyyatlarını müzakirə etmək. Belə görünür ki, general Hayden Bakıya məhz “Əl-Qaidə” təhlükəsi ilə bağlı gəlibmiş. Çünki onun səfərindən sonra ölkənin hər yerində vəhhabi qruplarına qarşı əməliyyatlar intensivləşdi.
Amerika xüsusi xidmət orqanları əvvəllər Bakıda “Əl-Qaidə”nin yüksək rütbəli üzvlərinin həbsi üçün yerli xüsusi xidmət orqanları ilə birlikdə əməliyyatlar keçiriblər. Məsələn, 11 sentyabr terror hücumlarından əvvəl “Əl-Qaidə”nin ikinci adamı Ayman əl-Zəvahirinin ən yaxın adamı sayılan misirli Bakıda “Mossad”ın MKİ-yə verdiyi məlumat əsasında həbs edilmişdi. Onun kompüterindən “Əl-Qaidə”nin 100-dən çox terror hücumu planlarının yer aldığı disk götürülmüşdü. Sonradan da Amerika xüsusi xidmət orqanlarının köməyi ilə Azərbaycanda “Əl-Qaidə” şəbəkəsinə daxil olan terrorçular həbs edilib.
“Azərbaycanda radikal vəhhabilik və dini ekstremizm təhlükəsi yoxdur”. APA-nın xəbərinə görə, bu bəyanatla daxili işlər naziri Ramil Usubov çıxış edib. Son günlər Bakıda və ayrı-ayrı rayonlarda radikal vəhhabilərin zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyatlara münasibət bildirən nazir hüquq-mühafizə orqanlarının istənilən qeyri-qanuni hərəkətin qarşısını almağa qadir olduğunu vurğulayıb.


