BAKIDA MÜDHİŞ SİLAHLI BASQIN
BAKIDA MÜDHİŞ SİLAHLI BASQIN Yanacaqdoldurma məntəqəsinə hücum edən avtomatlılar operatoru güllələdilər
Dünən gecə paytaxtın Nizami rayonu ərazisində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinə basqın olub. Hadisə barədə məlumat alan kimi Heydər Əliyev prospektindəki “Şəfa” stadionu ilə üzbəüzdə yerləşən yanacaqdoldurma məntəqəsinə yollandıq. Olay yerinə Bakı Şəhər Baş Polis İdarəsinin, Nizami Rayon Polis İdarəsinin və Respublika Prokurorluğunun vəzifəli şəxsləri gəlmişdi. BŞBPİ-nin rəis müavini Şahmar Paşayev müxbirimizə açıqlamasında bildirdi ki, hadisə təxminən 23 radələrində baş verib. Basqın zamanı orada müştəri qismində taksi kimi istifadə olunan “Jiquli” markalı avtomobil olub. 3 nəfər əliavtomatlı şəxs həmin vaxt operatorlara yaxınlaşaraq pullarını tələb edib.
“Həmin şəxslər operatorlara deyiblər ki, sizi öldürməyə gəlməmişik, pulları verin. Həmin vaxt operator Samir Quliyev qorxaraq mənqətədə yerləşən ofisə qaçıb. Basqınçılardan biri onun ardınca avtomatdan 3 atəş açıb. Şüşədən keçən iki güllənin Samirin kürəyinə dəydiyi güman olunur”.
Rəis müavini basqınçıların hansı avtomobildə olmalarına dair sualımıza isə “güman ki, Rusiya istehsalı olan avtomobildən istifadə ediblər” cavabını verdi. Şahmar Paşayevin dediyinə görə, basqınçılar yanacaqdoldurma məntəqəsindən 2 min 800 manat məbləğində pul götürüblər.
Qeyd olunan məntəqədə növbə rəisi işləyən Hüseyn Məmmədov isə hadisə barədə bunları dedi:"Məni məntəqənin rəisi telefona çağırdığından ofisdə telefonla onunla danışırdım. Söhbəti yekunlaşdırandan sonra ofisdəki arxa otaqdan ön otağa keçəndə gördüm ki, Samir Quliyev qaçaraq içəri daxil oldu. Həmin vaxt şüşənin əks tərəfindən “əclaf hara qaçırsan” sözlərini və ardınca atəş səsləri eşitdim. İki güllə Samirin kürəyindən dəydi və o yerə yıxıldı. Əlində avtomat olan həmin şəxs içəri daxil olub Samirin üstündə olan pulları götürdü və mənə yaxınlaşıb avtomatı sifətimə dirədi. Məndən pul tələb edəndə dedim ki, pullar operatorlarda olur. Ciblərimi çevirəndən sonra mənə inandı və ofisi tərk etdi. Onların ardınca baxanda gördüm ki, heç nə olmayıbmış kimi üçü də “Bağırov” körpüsü istiqamətində dayanmış qara və ya tünd rəngli avtomobilə əyləşib yüksək sürətlə hadisə yerindən uzaqlaşdılar".
Bundan sonra təcili tibbi yardım çağırılıb. Lakin həkimlər gəlincə Nizami RPİ-nin əməkdaşları 1983-cü il təvəllüdlü Samir Quliyevi Əfəndiyev adına 4 saylı xəstəxanaya aparıblar.
Növbə rəisi həmçinin hər üç şəxsin “kapişon”lu gödəkçələrdə olduğunu bildirdi: “Kapişon”ları başlarına keçirmişdilər, saçları qırxıq idi, yaşları da təxminən 22-27 arasında olardı. Hər üçünün əlində də avtomat vardı". Növbə rəisindən basqınçıların saqqalı olub-olmadıqlarını soruşduqda, “xeyr, saqqalsız idilər” dedi.
Sözügedən xəstəxanadan aldığımız ilkin məlumatlara görə yaralının vəziyyəti ağırdır.
Onu da qeyd edək ki, biz hadisə yerində olanda məntəqəyə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da gəldi. Şahmar Paşayevdən ətraflı məlumat aldıqdan sonra MTN-əməkdaşlarından biri kənara çəkilib nazir Eldar Mahmudova baş vermiş hadisə barədə məruzə etdi. Maraqlıdır ki, bu basqın Bakıda terror şoku yaşanan bir vaxta təsadüf etdi. Maraqlıdır ki, hüquq-mühafizə orqanları rəhbərləri paytaxtda gücləndirilmiş iş rejiminə keçidlə bağlı bəyanatlar verirdilər. Bu hadisə onların dediklərini demək olar ki, alt-üst etdi.


