Vəhhabi müharibəsi başladı
Milli Orduda 120 nəfərə qədər vəhhabi həbs edildi
MTN Ali Hərbi Məktəbdə, Naxçıvanski Litseyində və Müdafiə Nazirliyində vəhhabi zabitləri kütləvi şəkildə həbs edib.
Dünən bütün informasiya agentlikləri “Bakıda terror şoku yaşanıb” başlıqlı xəbər yayaraq bildirdilər ki, vəhhabilərin bəzi nazirliklərə və səfirliklərə hücum planının qarşısı alınıb. Günün birinci yarısında yayılan xəbərlərdə vurğulandı ki, ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin fəaliyyəti məhdudlaşdırılıb. ABŞ səfirliyinin Bakıdakı vətəndaşlarına göndərdiyi xəbərdarlıq məktubunda bildirilib ki, səfirlik, eyni zamanda Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəliyi təhlükəsizlik tədbirləri səbəbi ilə bağlı olacaq. Lakin xəbərdarlıqda qərarın səbəbləri açıqlanmayıb. Yalnız o bildirilib ki, səfirlik təhlükəsizlik tədbirlərini gücləndirir, əməkdaşlarının, həmçinin onların əmlakının təhlükəsizliyinin təmin edilməsi üçün dövlət orqanları ilə sıx əməkdaşlıq edir. Səfirlik vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb və şübhəli hala rast gələcəkləri təqdirdə müvafiq ünvana müraciət etməyi məsləhət bilib.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik APA-ya bunları söyləyib: “Biz təhlükəsizlik tədbirləri görməli olduğumuzla bağlı məlumat aldıq. Ona görə də fəaliyyətin məhdudlaşdırılmasına qərar verdik. Bunun nə qədər davam edəcəyi məlum deyil”.
Həbslər başlayıb
Səfirliklərlə bağlı məlumatın yayılmasından çox keçməmiş informasiya agentliklərinin yaydığı xəbərdə qeyd olundu ki, hüquq-mühafizə orqanları Heydər Əliyev adına Ali Hərbi Məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Litseydə əməliyyat keçirib. Əməliyyat nəticəsində 10-dək zabit və kursant həbs olunub. Agentliklərin yaydığı məlumatda həbs olunan hərbçilərin vəhhabilikdə təqsirləndirildiyi vurğulandı.
Maraqlı budur ki, rəsmi məlumatda əməliyyatın oktyabrın 20-si keçirildiyi bildirilirdi. Bəzi xəbərlərə görə, həbs olunanlar arasında Müdafiə Nazirliyinin zabitləri də olub.Dünən axşam saat 18 radələrində Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayevə istinadən “Azadlıq” radiosu “Bakıda müdhiş terrorun qarşısı alınıb” başlıqlı xəbər yaydı.
Müdhiş terror
MTN-in “Azadlıq” radiosuna verdiyi məlumatda vurğulanır ki, “Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə beynəlxalq anti-terror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı müdhiş terror və təxribat keçirilməsinin qarşısı alınıb”. Arif Babayev “Azadlıq” radiosuna bildirib ki, “Bu günlərdə Müdafiə Nazirliyinin ”N" saylı hərbi hissəsinin zabiti baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidmət etdiyi hərbi hissədən 4 ədəd avtomat silah, 1 ədəd “PK” pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib".
Kamran Əsədov və qrupun digər üzvləri silah-sursatın və hərbi ləvazimatların bir hissəsini Ismayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakı şəhərinə gəliblər.
Maştağa-Ismayıllı əməliyyatı
Milli Təhlükəsizlik Nazirliyinin oktyabrın 27-də saat 15.00 radələrində Bakının Maştağa qəsəbəsi, bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib.
Gizlədilmiş silah-sursatın bir hissəsi həmin ünvanda, bir hissəsi isə Ismayıllı rayonunda aşkar edilərək götürülüb. Qeyd edək ki, dünən “Turan” Informasiya Agentliyi Ismayıllıda vəhhabilərə qarşı əməliyyat keçirildiyini bildirmişdi. Elə MTN-nin yaydığı məlumatda silahlı vəhhabilərə qarşı müharibənin ölkənin şimal-qərb bölgəsində də aparıldığını ortaya qoyur.
Onu da bildirək ki, MTN qrupun digər üzvlərinin zərərsizləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirildiyini qeyd edib. Bu da vəhhabilərə qarşı əməliyyatların hələ bir neçə gün davam edəcəyini və təhlükənin tam sovuşmadığını ortaya qoyan amildir.
Vəhhabiləri kim ifşa edib?
MTN-in vəhhabilərə qarşı əməliyyat keçirdiyi bir vaxtda Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov APA-ya verdiyi açıqlamada bildirib: “Azərbaycanda dini sabitliyi pozmağa cəhd göstərən kiçik qrupların bəziləri xarici ölkələr tərəfindən idarə olunur. Lakin onların ictimai-siyasi sabitliyi pozmaq imkanları yoxdur” söyləyib. Baş verənlərlə bağlı redaksiyamıza daxil olan bəzi məlumatlara görə, həbs olunanların sayı 100 nəfərdən artıqdır. Belə ki, MTN-nin oktyabrın 20-sində keçirdiyi əməliyyat nəticəsində ilk olaraq Hərbi Məktəbin və litseyin 60-dan çox kursant və zabitinin saxlanıldığı bildirilir. Bundan sonra MTN-in Maştağa əməliyyatı zamanı vəhhabilərdən birinin mühasirəni yararaq qaçdığı bildirilir.
“Inşaatçılar” əməliyyatı
Həmin şəxs Yasamal rayonu ərazisinə gələrək “Inşaatçılar” metrostansiyasının yaxınlığındakı “göydələn”ə daxil olub. Səhər saatlarında daxili işlər orqanlarının da əməkdaşlarının iştirak etdiyi əməliyyat nəticəsində həmin bina 3-4 saat mühasirədə saxlanılıb. Əməliyyat zamanı “göydələn”in ikinci mərtəbəsində yerləşən 3-4 mənzildə 35-dən çox kursant və zabitin saxlanılaraq həbs olunduğunu vurğulanır.
Dövlət qurumları vəhhabilərin hazırladığı terror barədə məlumatı həbs edilən şübhəli şəxslərdən birindən alıblar. Onun dediklərindən anlaşılıb ki, vəhhabilər ordunun içinə daxil ola biliblər. Onlar orduda özlərinə xeyli tərəfdar tapıblar. Və ordudakı tərəfdarlarına icazə veriblər ki, onlar öz statuslarına görə saqqal saxlamaya və qısa şalvar geyinməyə bilərlər.
Silahlı vəhhabi dəstəsi
Qeyd edək ki, Xanlardakı “N” saylı hərbi hissədən qaçan leytenant Kamran Əsədovun vəhhabi olduğu bildirilsə də, Azərbaycanın hüquq-mühafizə orqanları bunu təkzib etmişdilər. Dünənki həyəcanlar isə əvvəlki versiyanın doğru olduğunu təsdiq edir.
Onu da bildirək ki, vəhhabilərlə bu silahlı qarşıdurma ilk hal deyil. Ötən il Corat qəsəbəsində, Novxanı bağlarında əməliyyat zamanı vəhhabilər silahlı müqavimət göstərmişdilər. Bu günlərdə isə vəhhabi Telman Abdullayev Qusarda iki polis əməkdaşını yaralayaraq qaçıb. Onu həbs etmək hələ də mümkün olmayıb.
Süleymanovun həyacan təbili
Bir məqamı da bildirək ki, iki həftə öncə ictimaiyyət arasında “vəhhabi məscidi” kimi tanınan “Əbubəkr” məscidinin imamı Hacı Qamət Süleymanov KIV-ə açıqlama verərək bildirmişdi ki, Azərbaycanda özlərini “təkfir və hicrət camaatı”, “müasir xəvariclər”, “ixvanlar” adlandıran təhlükəli dini qruplar fəaliyyət göstərir. Süleymanov “Belə qruplar bütünlükdə hakim rejimlərə, Islam məzhəblərinə qarşı sərt mövqe nümayiş etdirirlər. Onlar olduqca təhlükəlidir və bütün müsəlmanları ”kafir" görərək, onların qanlarını özlərinə halal bilir və cinayətlərə əl atırlar. Hakimiyyət, hüquq-mühafizə orqanları və ictimaiyyət bu məsələdə ayıq olmalıdır “ söyləyərək bu radikal qruplarda cəmləşənlərin sayının 500-dən artıq olmadığını, onların ölkənin bir sıra rayonlarında və əsasən də Sumqayıtda cəmləşdiklərini bildirmişdi.
Dövlət hara baxırmış?
Son günlər isə baş verənlər həmin təriqətçi qrupların çox təhlükəli olduğunu ortaya qoyur. Və onlar açıq şəkildə müharibəyə başlayıblar. Bu məqamda isə həmin qrupların silahları hardan və necə əldə etdikləri maraqlıdır. Çünki bəzi məlumatlara görə, bu qrupların üzvləri müasir silahlarla təhciz olunublar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına çox ciddi müqavimət göstərirlər. Həm də bu qruplar artıq ordunun daxilinə yerləşərək silahlana biliblər. Bəs görəsən, bu müddətdə orduda vəziyyətə nəzarət etməli olan xüsusi xidmət orqanlarının əməkdaşları hara baxıblar? Yaxud, müxalifət qəzetlərinin redaksiyalarına, müxalifət partiyalarının qərargahlarına “juçok” qoyanlar nədən bunu “gözdən qaçırıblar”? Hər halda bu da maraqlıdır.
Məlumat üçün onu da bildirək ki, dünən axşam saatlarında yayılan xəbərə görə, ABŞ səfirliyinin yaxınlığında iki nəfər şübhəli şəxs saxlanılıb. Lakin onların kimliyi barədə heç bir məlumat verilməyib.
Informasiya şöbəsi



lenet olsun,ar olsun o sexse ki, oz xalqini cirkin 1 is ucun her hansi meenfet ucun satir.ar olsun o insanlara.
Noyabr 16, 2007 21:18