“YAXIN VAXTLARDA ÖLKƏ SİYASƏTİNDƏ BÖYÜK DƏYİŞİKLİK GÖZLƏNİLİR”
Eldar Namazov: “Məmur korpusu ölkədə yaranmış vəziyyətdən narahatdır”
Müsavat Patiyası ilə “Azadlıq” blokunun Seçki Məcəlləsi ilə bağlı müzakirələrə başlaması altı müxalifət təşkilatının təmsil olunduğu Məsləhət Şurasının üzvlərindən birinin - ADP sədri Sərdar Cəlaloğlunun narazılığı ilə qarşılanıb. “Altılar”dan daha biri - Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun bu məsələyə münasibətini öyrənmək istədik. Fürsətdən istifadə edib ona prezident seçkiləri və digər siyasi proseslərlə bağlı bir sıra suallar ünvanladıq.
- Eldar bəy, Müsavat - “Azadlıq” bloku danışıqlarına siz necə yanaşırsınız?
- ADP sədri Sərdar Cəlaloğlu Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı bizim müzakirəmizə bir paket təqdim etmişdi. Sonuncu iclasda biz həmin paketə münasibət bildirməliydik. Hamımızın rəyi belə oldu ki, bu paketi əsas götürmək mümkündür və onun əsasında digər partiyalarla danışıqlar aparmaq olar. İsa Qəmbər də bildirdi ki, təkliflər paketi Müsavat Partiyası üçün məqbuldur.
Son görüşdə digər partiyalarla müzakirələrlə bağlı təklifə də baxıldı. Mən dedim ki, hamımızın həmin görüşlərə getməsinə ehtiyac yoxdur. Aramızdan bir və ya iki nəfər digər müxalifət qurumların təmsilçiləri ilə görüşlərdə iştirak edə bilər.
Sərdar Cəlaloğlunun təqdim etdiyi paketlə əlaqədar ümumi razılığa gəlmişiksə, həmin müzakirələrdə altı qurumun hamısının və ya birinin təmsilçi qismində iştirak etməsinin elə bir ciddi fərqi, əhəmiyyəti yoxdur. Təki müxalifət düşərgəsi ümumi razılığa gəlsin və vahid mövqe formalaşsın. Bu baxımdan mənim üçün maraqlı deyil ki, “Azadlıq” blokunun təmsilçisi ilə müzakirələrdə kimlər iştirak edir. Əsas odur ki, danışıqlar baş tutsun və müsbət nəticələr əldə olunsun.
- Müsavat Partiyası ilə “Azadlıq” blokunun münasibətlərinin normallaşmasına cəhdlər edilir. Siz necə hesab edirsiniz, həmin blokla əməkdaşlıq vacibdirmi?
- Bilmirəm nəyə görəsə mətbuatda noyabrın 9-dan söhbət gedir, ancaq məndə olan məlumata görə, Venesiya Komissiyasının təşəbbüsü ilə iqtidarla müxalifətin Seçki Məcəlləsi ilə bağlı müzakirələri noyabrın 7-8-də keçiriləcək. O vaxta qədər çalışmaq lazımdır ki, əsas müxalifət qurumlarının Seçki Məcəlləsi ilə bağlı vahid mövqeyi formalaşsın. Bu, birinci mərhələdir. Biz bunu keçə bilsək, sonra növbəti mərhələlərlə bağlı mövqeləri yaxınlaşdırmaq üçün müəyyən danışıqlar aparmaq olar. Ancaq sizə bəri başdan deyim ki, noyabrın 7-8-də keçiriləcək tədbirdə müxalifət vahid sənədlə deyil, bir neçə variantla çıxış etsə, bu, müxalifətin ümumi işinə çox ciddi zərbə vuracaq.
Mən Müsavatla AXCP arasında yox, aparıcı müxalifət partiyalarının hamısının birgə müzakirələrinin tərəfdarıyam. Venesiya Komissiyasının tədbirinə əgər müxalifətdən yalnız Müsavatla AXCP getsəydi, onlar öz aralarında nə isə hazırlaya bilərdilər. Ancaq məlumdur ki, həmin təbdirə müxalifət düşərgəsindən xeyli qurum dəvət olunacaq. Müsavatla AXCP orada fərqli mövqedən çıxış etsə, bu nə onların özünə, nə də bütün demokratik düşərgəyə xeyir gətirəcək. Ona görə də mən təklif edirəm ki, noyabrın 7-nə kimi müxalifət düşərgəsinin özünün dəyirmi masası keçirilsin. İndiyə qədər müzakirə olunan variantlar orada bir daha götür-qoy edilsin. Bütün suallara cavab tapaq ki, həlledici məqamda vahid mövqedən çıxış edə bilək.
- Bu günə qədər Müsavat Partiyasının Avropa Liberal Demokrat İslahat Partiyasına üzv olması ilə bağlı bir müttəfiq kimi mövqe bildirməmisiniz. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.
- İndiyə qədər mənim bu məsələdə hansı mövqedə olmağıma ona görə rast gəlməyibsiniz ki, mənə onlarla qəzet və informasiya agentliyindən müraciət olunsa da, cavab verməkdən imtina eləmişəm. Demişəm ki, bu, Müsavat Partiyasının daxili işidir. Həqiqətən də hesab edirəm ki, hansısa problem varsa, onu Müsavat Partiyası özü öz içində çözməlidir. Kənardan hansısa məsləhət vermək düzgün olmazdı.
Bu qərarın nə qədər düzgün, nə qədər yanlış olmasını qoyaq bir tərəfə, onun verilmə zamanına münasibət bildirmək olar. Siyasi qərarların adətən iki vacib göstəricisi olur. Birincisi, qərar gərək mahiyyətcə düzgün olsun. İkincisi isə vaxtında verilsin. Hətta mahiyyətcə düzgün qərar vaxtında verilməyəndə, mənfi nəticələrə gətirib çıxarır. Müsavatın həmin quruma daxil olmasında kimin haqlı olub-olmamasına mənim konkret mövqeyim var. Sadəcə, bunu açıqlayıb Müsavatın daxili işlərinə qarışmaq istəmirəm. Ancaq qərarın vaxtında verilib-verilməməsi ilə bağlı mövqeyimi açıqlaya bilərəm. Mən hesab edirəm ki, bu qərar vaxtında verilməyib. Prezident seçkilərinə az qalmış partiyanın içərisində birmənalı qarşılanmayan qərarları verib, belə arzuolunmaz diskussiyalara yol açmaq düzgün deyil. Müsavatın Liberal Partiyaya üzv olması məsələsi prezident seçkilərindən sonra gündəmə gətirilsəydi, daha yaxşı olardı. Mən maraqlıyam ki, bütün demokratik düşərgə, xüsusən də Müsavat Partiyası prezident seçkilərinə vahid, səfərbər olunmuş qüvvə kimi getsin.
- “Yeni Siyasət” seçki blokunun prezident seçkiləri öncəsi bərpa olunması mümkündürmü?
- Bizim qərarımız ondan ibarət idi ki, zaman yetişərsə, bu ilin payızında məsələ müzakirə oluna bilər. Əgər bu günə kimi hansısa qərar yoxdursa, deməli, zaman yetişməyib. Bizim məsləhətləşmələrimiz vaxtaşırı olur. Məsləhətləşmələri davam etdirəcəyik. Mən əminəm ki, yaxın vaxtlarda ölkənin siyasi həyatında çox böyük dəyişikliklərin baş verəcəyi gözlənilir. Sadəcə, bir az gözləmək lazımdır.
- Bəzi ekspertlər bu fikirdədir ki, yüksək vəzifəli məmurlar müxalifətin güclənməsində maraqlıdır. Çünki müxalifət güclü olanda, həmin məmurlar İlham Əliyevə daha çox lazım olur. Doğrudanmı belədir?
- Siyasətdə aparıcı amil həmişə maraqlar və məqsədlər olur. Əgər hansısa dövlət vəzifəsində çalışan adamlar demokratik müxalifətin güclənməsini və bunu məhz Azərbaycanda haqq-ədalətin bərpa olunması, demokratik quruluşun yaranması ilə bağlı istəyirlərsə, bunu alqışlamaq lazımdır. Yox, əgər İlham Əliyevi müxalifətlə qorxudub, “bizdən əl çək, bizi sıxma, biz olmasaq müxalifətin qarşısında dayana bilməzsən” mesajını vermək istəyirlərsə və buna görə müxalifətin güclənməsində maraqlıdırlarsa, demokratik düşərgə ilə onların maraqları üst-üstə düşmür. Biz Azərbaycanda sistemin dəyişməsini istəyirik. Demokratik sistemin qurulmasına çalışırıq. Dövlət vəzifələrində, büdcə təşkilatlarında işləyənləri buna inandırmağa çalışırıq ki, yeni demokratik sistem hamı üçün vacibdir. Buna inam yaratsaq, onda etibarlı müttəfiqlər tapa bilərik.
- Müxalifətin güclənməsini hansı marağa görə istəyənlər üstünlük təşkil edir?
- Məmur korpusunun öz xüsusiyyətləri, maraqları var. Onlar həddən artıq böyük qüvvədir. Hətta SSRİ kimi totalitar rejimdə məmur korpusunun diqtəsi ilə vaxtilə Sov.İKP MK-nın baş katibini vəzifədən götürmüşdülər. Məmur korpusunun gücünü hər bir ölkə başçısı nəzərə almalıdır. Azərbaycanda bu gün elə bir vəziyyət yaranıb ki, hətta “jek” müdiri də fikirləşir ki, ölkədə bu qədər haqsızlıq, talançılıq olmaz. Ancaq, eyni zamanda düşünür ki, onun cibində YAP-ın bileti var. Düşünür ki, sabah hakimiyyət dəyişsə, onun taleyi necə ola bilər?
Demokratik düşərgə öz işini təkcə fəal etiraz elektoratı ilə yox, eləcə də digər təbəqələrlə qurmalıdır. Bura həm biznes elitası, həm də məmur korpusu daxildir. Müxalifət seçkilərə 5-10 gün qalmış onlara ünvanlanan bir bəyanat verməklə bu işi görə bilməz. Seçkilərdən bir neçə il əvvəl bu istiqamətdə əsaslı iş görülməlidir. Təəssüflər olsun ki, bu günə kimi müxalifət bu istiqamətdə əsaslı işlər görməyib. Narazılığın çox olmasına baxmayaraq, demokratik dəyişikliklərin baş verməməsinin bir neçə əsas səbəblərindən biri də odur ki, müxalifət adətən yalnız fəal etiraz elektoratı ilə işi yaxşı qurur. Qalan vacib təbəqələrlə işi ya yarımçıq görür, ya da həmin zümrəylə, ümumiyyətlə, iş aparılmır. Bu mənada təbii ki, məmur korpusu indiki statuskvonun saxlanmasına daha çox meyllidir. Onlar istəyir ki, müxalifət bir qədər güclənsin və buna görə də İlham Əliyev məmurlara toxunmasın. Ancaq eyni zamanda məmur korpusunun özü də ölkədə yaranmış vəziyyətdən narahatdır. Ona görə də gərək demokratik düşərgə elə proqramla ortaya çıxsın ki, həmin məmur korpusu da demokratik dəyişikliklər zamanı öz maraqlarının orada əksini tapdığını görsün.
- İlham Əliyevin şəffaf seçkilər keçirmək və qalib gəlmək şansı varmı?
- Demokratik seçkilər nəticəsində qalib gələn istənilən şəxsi təbrik edib, onun qələbəsini qəbul etməyə hazırıq. Amma mən inanmıram ki, bu hakimiyyət azad və demokratik seçkilər keçirməyə qadir olsun. Hətta nisbətən demokratik seçkilər keçirilsə, yəni heç olmasa səslərin düzgün hesablanması təmin olunsa, hakimiyyətin namizədi seçkiləri böyük ehtimalla uduzacaq. Bunun üçün müəyyən şərtlər var ki, demokratik düşərgə onu yerinə yetirməlidir.
- Yeni iqtidar partiyasının yarandığı barədə xəbərlər özünü doğrultmaqdadır. Sizcə, hakimiyyətin bu planının arxasında hansı məqsədlər dayanır?
- Bu, hakimiyyətdaxili savaşın nəticəsidir. Heydər Əliyevin dövründə formalaşmış qruplar həm biznesdə, həm də siyasətdə öz mövqelərini tutublar. Ancaq gecikən qruplar da var ki, özləri üçün mövqe tutmağa çalışırlar, hakimiyyətin içində dəyişiklikdən ötrü addımlar atırlar. Yeni partiya yaratmaq istəyi bundan irəli gəlir. Ancaq bu ideyanın sonda uğurla nəticələnəcəyi inandırıcı deyil. İki hakim partiyanın olması mümkün deyil. Yeni yaradıldığı deyilən iqtidar partiyası onda uğur qazana bilər ki, hakim partiyayla - YAP-la mübarizə aparıb qalib gəlsin və təkbaşına hakimiyyət partiyası olsun.


