"Kamera tarakanlarla dolu olsa da, onları öldürməyə əlim gəlmir
Günün ikinci yarısında Apellyasiya Məhkəməsində Hacı Məmmədov və onun dəstəsinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Təqsirləndirilən Mehman Həsənovun vəkili İbrahim Sadıqlı çıxış edib. O bildirib ki, müvəkkilinin atası uzun illər MTN-də işləyib. Nümunəvi işçi və ailə başçısı kimi tanınıb. Mehman özü 26 il orqanda çalışıb. O yalnız Hacı Məmmədovun verdiyi ifadələrə görə həbs edilib. Gön dəri zavodunun sahibi İliyevin izlənmə epizodu üzrə aydınlıq gətirən vəkil bildirib ki, həmin zavod Həsənovun sahəsində yerləşdiyindən dostunun sözünü yerə salmayıb, onun haqqında məlumat toplamaq istəyib. Bir neçə dəfə zavodun ətrafında göründükdən sonra İliyevin cangüdənləri Mehmanı döyüblər. Hacı isə ona iş bacaran olmadığını deyib. Bununla da onun fəaliyyətinə son qoyulub.
Təqsirləndirilən M.Həsənov vəkilin dediklərini təsdiq edib və bildirib ki, o namuslu polis işçisi olub. Buna görə də bəraət istəyir.
Daha sonra çeçen əsilli Hüseyn Abdulvahabov çıxış edib. O bildirib ki, təqsirləndirlən şəxslərin heç biri onun dəstə başçısı olması və ya hər hansı cinayətdə əli olmasını deməyib. İstintaq da bunu sübuta yetirə bilməyib. «Əgər Azərbaycan hökümətinə mənim belə deməyim lazımdırsa, bunu üzərimə götürərəm, yox əgər həqiqət lazımdırsa onda mən günahsızam. Hacının sözlərinə görə bu qədər insanı ittiham etmək olmaz. İstintaq vaxtı Hacıya o qədər psixatrop maddələr vermişdilər ki, özünü assın və deyilənləri təsdiqləsin. O da həmin maddələrin təsiri altında istənilən ifadəni təsdiqləyib. Mən heç vaxt adam öldürməmişəm. Kamera tarakanlarla (mətbəxböcəyi) dolu olsa da onları belə öldürməyə əlim gəlmir. Qəribədir ki, Hacı əvvəlcədən hər şeyi öz üzərinə götürür, yeni-yeni açıqlamalar verir, günahlarını etiraf edir, digərlərinin də bu işdə əli olduğunu deyib onları bataqlığa çəkir. Onun etiraflarına inanmaq olmaz. Əvvəlcə deyirdlilər ki, Hacı xəstədir. Öləcək. Amma o hər gün yeni açıqlamalar verəcəm deyə, kimlərəsə gizli mesajlar göndərir. Tutulmayan oğru oğru deyil».
Hakimin suallarına cavab Hüseyn Abdulvahabov bildirib ki, ittiham edilən çeçenlər buraya ehtiyacdan gəlmişdilər. «Onları azərbaycanlılar cinayətkar ediblər». O günahsız olduğunu, buna baxmayaraq ömürlük həbsə məhkum edildiyini və ədalət naminə onu bu cəzadan xilas etməyi xahiş edib.



