PKK-nın AZƏRBAYCAN TƏMSİLÇİSİ ÖLDÜRÜLDÜ
PKK-nın AZƏRBAYCAN TƏMSİLÇİSİ ÖLDÜRÜLDÜ Terrorçu təşkilata ağır zərbə
Türkiyədən göndərilmiş xüsusi agentlər Moskvada “Bedran” ləqəbli şəxsi aradan götürüblər
PKK-nın ən mühüm şəxslərindən biri, terror təşkilatının Azərbaycan, Rusiya və Balkanlar üzrə əlaqələndiricisi Moskvada öldürülüb. Bu sensasiyalı məlumatı dünən Türkiyənin internetacans.com xəbər saytı yayıb. Bildirilir ki, “Bedran” ləqəbli terrorçu PKK-nın Rusiya, Qafqaz və Balkan regionu üzrə fəaliyyətini koordinasiya edən əsas şəxs olub. Onun Rusiya paytaxtında naməlum şəxslər tərəfindən öldürüldüyü bildirilir. “Bedran” PKK-nın strateji əhəmiyyətli şəxslərindən biri olub. internetacans.com onun Türkiyədən göndərilən xüsusi agentlər tərəfindən aradan götürüldüyü haqda məlumatların mövcud olduğunu xəbər verir.
Bildirilir ki, “Bedran”ın aradan götürülməsi əməliyyatı PKK və onun himayədarları arasında böyük təşvişə səbəb olub. “Bedran”ın öldürülməsi ilə Türkiyə xüsusi xidmət orqanlarının xaricdə PKK hədəflərinə qarşı ciddi əməliyyatlara başladığı güman edilir.
Qeyd edək ki, iki gün əvvəl həqiqətən də Moskvada Türkiyə vətəndaşı öldürülüb. Rusiya KİV-nin məlumatına görə, Moskvadakı Çerkizovsk bazarında naməlum şəxslər Türkiyə vətəndaşlarına atəş açıblar. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Bildirilirdi ki, oktyabrın 30-da 3 nəfər naməlum şəxs “Omeqa-Sistem” Açıq Tipli Səhmdar Cəmiyyətinin binasına daxil olaraq 4 nəfər Türkiyə vətəndaşına tapançalardan atəş açıblar. Silahlı şəxslər hadisə yerindən “Jiquli” markalı avtomobillə qaçıblar. Moskva milisi bu hadisənin bazar alverçiləri arasında kriminal çəkişmə zəminində törədildiyini güman edir.
Türkiyənin Moskvadakı səfirliyi isə insidentə əvvəlcə münasibət bildirməyib, eyni zamanda öldürülən şəxsin kimliyi haqda məlumat verilməyib. Ancaq daha sonra Türkiyənin Moskvadakı səfiri Kurtuluş Taşkent deyib ki, o, insident haqda məlumat alıb və Rusiya hüquq-mühafizə orqanlarının hadisəni tezliklə araşdıracağına və cinayətkarları tapacağına ümid edir. İstisna deyil ki, internetacans.com-un xəbərində haqqında bəhs edilən şəxs məhz bu insident zamanı öldürülüb.
Məlumdur ki, PKK-nın Rusiya ərazisində güclü dayaqları var. Terror təşkilatının Krasnodar vilayətində və Moskva ətrafında vaxtilə təlim bazalarının olduğu da məlum idi. Eyni zamanda Azərbaycandakı PKK tərəfdarları terror təşkilatının Rusiyadakı şəbəkəsi ilə sıx əlaqə saxlayır. Məsələn, bir neçə il əvvəl Bakıda üzərində PKK lideri Abdullah Öcalanın təsviri olan təqvimlərin çap edildiyi üzə çıxmış və bəlli olmuşdu ki, həmin təqvimlər Krasnodar vilayətinə göndərilmək üçün çoxaldılır. PKK-nın Ermənistanda da güclü dayaqlarının olduğu məlumdur.
Türkiyənin “Milliyyet” qəzeti isə xəbər verib ki, PKK-nın İraqın şimalındakı əliqanlı lideri Murad Karailan Türkiyənin hədəfinə tuş gəlməmək üçün indiyədək yerləşdiyi bölgədən qaçıb. Onun hazırda İraqın şimalında, Suriya sərhədləri yaxınlığında yerləşən və yezidi kürdlərin yaşadığı Cebel Sincar bölgəsində olduğu bildirilir. Bu bölgədə 300 minə yaxın yezidi kürd yaşayır. M.Karailanla birlikdə bölgədə çoxlu sayda PKK yaraqlısı da var



