Topa tutulan Azərbaycan
«Udduq, amma boyunlarına qoya bilmədik». Azərbaycan futbolçularının Braziliya yığma komandasını udması barədə fantastik lətifənin sonluğunda Ronaldinyonun bu ifadəsini, yəqin ki, eşitmisiniz. Amma serblər bizi uddular və boynumuza da qoydular. Özü də təkcə boynumuza yox. Matçdan əvvəl hamının birağızdan oxuduğu himnimizin sözləri yada düşür. «Bayrağını yüksəltməyə… Cümlə-gənclər muştaqdır». Həmişə olduğu kimi, bayrağımızı bu dəfə də yüksəltdik. Amma namusumuzu hifz edə bilmədik. İndiyə kimi çox faciələrin canlı şahidi olmuşdum. 1999-cu ildə Portuqaliyada olarkən yerli yığmaya 0:7 hesabı ilə məğlubiyyət dəhşətini xatırladım. Onda özümə gəlməmiş aparıcı futbolçumuzun birinin dediyi söz mənim indi də qulağımdadır. İlk dəfədir ki, bunu efirdə səsləndirəcəyəm. O futbolçu belə demişdi: «Niyə ürəyini sıxırsan, birinci dəfədir bəyəm?». Düzdür, birinci deyildi. Ondan əvvəl Oserdə Fransaya 0:10 olmuşdu. Sonradan Təl-Əvivdən 0:6, Varşavadan 0:8 və 0:5-lər gəldi. Hələ Kiyevdəki 0:6 da unudulmayıb. İnsafən, «birinci dəfədir bəyəm» sözü yerinə düşür. Amma beləsi birinci dəfə idi. Serblərin qapımızdan keçirdiyi 6 qol, Azərbaycan millətinin sifətinə 6 tüpürcək, üzünə vurulmuş bir o qədər yağlı şillə oldu. Əcəba, biz həqiqətənmi bu qədər məğmun idik?!
Bu yazımda bir sirri də açmaq istəyirəm. Futbol xiridarları bunu nə vaxtsa tutub, ya yox, bilmirəm, amma etiraf edim ki, Azərbaycan yığma komandasına mən 1 ildən çox idi, milli komanda demirdim. Çünki komanda yığılmadır, milli deyil. Bir vaxtlar ürəyimizdə misilsiz olan yığma indi milli yox, MİLSİZdir. Millər futbolçuların gözlərinə girib, onların gözlərini tutub. Layiq olmadıqları şəraitə çatmış 3-5 qaçağan, onlara futbolçu belə deməyə dil çevrilmir, əvvəl-axır vəziyyətlərini başa düşəcək və düşdüyü girdabın dərinliyini anlayacaq. Və ümumiyyətlə anlayacaqmı? Anlamayacaqsa, eşitsin. Ey qaçağan, inan ki hazırkı vəziyyətindən çox aşağı enməlisən. Sənin oyunun, onlara «siz» demək qrammatik yox, mənən də düzgün deyil, çünki artıq cəm yox, təksən, lənkəranlı azarkeşin sənə verdiyi bir dəstə göyərtinin müftəsindən cılız, həmişə rüşvətxor kimi nəzərdə tutduğun köklü bakılı qaişnikin səni cəriməsiz buraxmasından nalayiq, hətta azarkeşin Serbiya məğlubiyyətinin acısına axıtdığı duzlu göz yaşından da şitdir. Sən 74 millətli Azərbaycandan ayrı 75-ci millət, daha doğrusu, bir tayfa kimi O DÜNYAda cavab verəcəksən. Özü də ikiqat. Sənin üçün axirətdən öncə əvvəlat olacaq. Orada sənin əvvəlcə futbol günahların sorğu-sual ediləcək. Hansı oyunda kimin torbasını tikmisən, kiminlə danışıb oyunu vermisən, hansı topu bilərəkdən buraxıb, hansını qapıya yönəltməmisən. Heç birindən qaça bilməyəcəksən. Nə qədər sürət yığsan belə. E-şkanın, X-5-nin sürətiylə də. Onda klub rəhbərliyinin tapşırığı da keçməyəcək. O zaman artıq gec olacaq.
Serbiya millisi Avropa çempionatının seçmə oyununda Azərbaycan futbolunun anasını... ağlatdı. Bunun səbəbləri kimi hərə bir avaz çala bilər. Yaxşı, Azərbaycanda uşaq futbolu bərbad vəziyyətdədir, buna 1 qol, meydançalar yararsızdır, 2 top, səviyyəli mütəxəssilər çatışmır, 3 qol. Filan-bəşməkan. Razıyam. Bəs o biri 3 qolu, daha doğrusu, quşu kimin... ayağına yazaq?! Yoxsa indiyə kimi uşaq futbolumuz abad, meydançamız yararlı, kadrımız çox olub? Xeyr. Amma bu biabırçılıq olmamışdı. Belə getsə, çox olacaq. Azərbaycan yığma komandası bu seçmə mərhələdə 3-cü dəfə doğma meydançasını məğlubiyyətsiz tərk etdi. Ötən ilin sentyabrında Qazaxıstanla heç-heçə etmiş yığma, bu yaz finlərə qalib gəlmişdi. Bu dəfə isə məğlub yox, biabır olduq, çırpıldıq, döyüldük. Döyülməyən düyüdən plov olmaz deyiblər. Amma bizi təkcə döymədilər, əzdilər, heç sıyıqlıq da deyilik.
Yadıma bir film düşdü. Böyük Vətən müharibəsi dövründə Kiyevin əsir götürülmüş «Dinamo» komandasının almanlarla oyunda qalib gəlməsini əks etdirən sənədli filmi nəzərdə tuturam. O vaxt sovet futbolçuları verilən məğlubiyyət əmrinə baxmayaraq qalib gəldilər və elə meydançadaca güllələndilər. Uddular və öldülər. Amma bizimkilər uduzub ölmədilər.
Fikirlərim yaman qatışıqdı. Amma bu qarışıqlıq fonunda yaxşı ki müharibə yadıma düşdü. 16 illik Müstəqil Azərbaycan futbolu tarixində, çox güman ki, 1000-ə qədər futbolçu yetişib. Və bir əlimizin barmaqları yetər ki, həmin futbolçulardan hansının müharibədə olduğunu sayaq. İlahi, bir əlin nə qədər artıq barmağı olarmış?!/ANS TV/


