Bakıda insan haqlarının müdafiəsinə həsr olunmuş mitinq keçiriləcək
Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günündə Bakıda insan haqlarının müdafiəsinə həsr olunmuş mitinq keçiriləcək. Bu barədə noybarın 8-də mitinqin təşkilt komitəsinin keçirdiyi mətbuat konfransında Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib. O qeyd edib ki, aksiyada jurnalistlərin hüquqlarının müdafiəsinə dair də şüarlar və çıxışlar səsləndiriləcək.
Noyabrın 10-dan mitinqə hazırlıqlara başlanacağını deyən Eldar Namazov həmin gündən etibarən Azərbaycanda insan haqlarının müdafiəsi aylığı elan edilməsini təklif edib.
«Bilirsiniz ki, BMT-nin insan haqlarına dair deklarasiyası məhz dekabrın 10-da qəbul edilib. Azərbaycan da həmin deklarasiyaya qoşulub. Deklarasiyada 30-a yaxın maddə var. Araşdırma aparsaq görərik ki, onların əksəriyyəti təmin edilməyib. Bir neçə bənd var ki, qismən təmin edilib».
Eldar Namazov qeyd edib ki, mitinqin kütləviliyini təmin etmək üçün gənclər təşkilatları arasında müsabiqə elan ediləcək. Ən yaxşı plakat və şüarlardan aksiyada istifadə olunacaq. Eyni zamanda insan haqlarına dair fotosərgi təşkil ediləcək. Dekabrın 8-9-da isə Bakıda insan haqlarının müdafiəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilməsi planlaşdırılır. Mitinqdə dünya KİV-nin və Azərbaycandakı xarici diplomatik korpuslarının nümayəndələrinin iştirakının təmin edilməsi də nəzərdə tutulub./ANS PRESS/


