Pənah Hüseyn «Sərbəst Toplaşmaq Azadlığı Haqqında» qanuna dəyişiklik edilməsini təklif edir
Millət vəkili Pənah Hüseyn Milli Məclisdə «Sərbəst Toplaşmaq Azadlığı Haqqında» Qanuna dəyişiklik edilməsi təklifi ilə çıxış edəcək. Bu barədə millət vəkili Azərbaycanda insan haqlarının müdafiəsinə həsr olunmuş mitinqin təşkilat komitəsinin brifinqində açıqlama verib. Onun fikrincə, dünyanın heç yerində aksiya keçirmək üçün müvafiq orqanlara edilən müraciətlərə mitinqə 3 gün qalmış cavab vermirlər. Əksinə müraciət edildikdən 3 gün sonra cavab verilir.
Pənah Hüseyn mitinqlə bağlı Bakı meriyasına edilən müraciətlərə şöbə müdiri səviyyəsində cavab verilməsini qanunsuz adlandırıb. «Bakı şəhər İcra Hakimiyyəti başçısının aksiya keçirib keçirməmək barədə sərəncamı olmalıdır. 2-3 ildir biz bu təhqiramiz cavablarla üzləşirik, amma bunların biri də Avropa Məhkəməsinə gedib çıxmır. Hesab edirəm ki, bununla bağlı Avropa Məhkəməsinə müraciət etməliyik. Bu iddiaya növbədənkənar baxılmasına çalışmalıyıq ki, əlimizdə istinad edəcəyimiz əsaslı bir sənəd olsun. Belə olan təqdirdə bizim müraciətlərimizə də münasibət dəyişəcək», - deyə Pənah Hüseyn bildirib. /ANS PRESS/


