QARABAĞ GÖZƏLİ RamizRovsen

Bu payız gecəsində,
qaçqın düşərgəsində
bu ağlayan qadının üzünə yağan yağış
sanki bayaqdan bəri ona yalvarır: «Bağış-
la ki, göz yaşlarını yuya bilmirəm sənin.
Yox, sevgi duyğu deyil. Sevgi dindi. Və bu din
hələ də yer üzündə qalan yeganə iki
Allahlı dindi. Və sən, ey qadın, bunu bil ki,
həmin iki Allahın biri sənsən, o biri
indi çox uzaqdadı, ot basıb o qəbiri…»
Yağış yağır bu köhnə, təkərləri paslanan
vaqonların üstünə. Göz yaşında islanan
üzünə bu qadının yağış yağır. Vaqonun
qapısında dayanıb qadın baxır. Və onun
içəridə uyuyan xəstə qızı yuxuda
nəsə görüb qışqırır. Bu uşağı qorxudan
nədi? Bir Allah bilir. Hələ on üç il qabaq
Xocalıdan qaçanda qarnındaydı bu uşaq.
O qaçdıqca, elə bil bir az ondan qabaqda
qarnını təpikləyib yüyürürdü uşaq da…
Ərini lap Ağdama çataçatda vurdular.
Üzüquylu yıxıldı. O qış günü soyuq qar
onun isti qanına bulaşıb əriyirdi.
Yox, o qar üstündəki adam əri deyildi.
O adamda ərindən axı nə qalmışdı, nə?
O adamın canından qopub onun bətninə
köçmüşdü əri. İndi bətnindəki o uşaq
onun ölən ərinin bir parçasıydı. Ancaq
bu nə sirdi? O cürə, yumruğuyla daş dələn
kişinin bir parçası niyə qız oldu görən?!..
Uşaq yenə çığırdı. Özündən ixtiyarsız
qadın dönüb uşağa baxdı; yox, vallah, bu qız
əvvəl-axır deyəsən oxuyan olacaq. Sən
bunun arıq canından qopan səsə bax, səsə!..
Qoy bir azca böyüsün, o «Yeni ulduz»dakı
qızların hamısından artıq olacaq. Təki
ölüm-itim olmasın. Qadın duruxdu birdən;
bu qız oxuyan olsa, yazıq əri qəbirdə
çevrilməsə yaxşıdı… Sonra nədənsə, hirsi
tutdu ölən ərinə; ölənəcən bu hisli-
paslı vaqonda demək, ana-bala, ikimiz
zülüm çəkməliyik biz?!
Nədi, nədi, qəbirdə sən rahatca yatasan?
Yazığın gəlmir bizə? Sən nə təhər atasan?!..
Qadın birdən diksinib bərk-bərk içini çəkdi,
guya əri qəbirdə onu eşidəcəkdi.
Sonra söymək istədi bu yağan yağışı da,
gördü yağış kəsilib, quruyub göz yaşı da.
Bir it hürdü hardasa, vaqonlar arasında.
Sonra xoruz banladı bu gecə yarısında.
Qadın çaşdı; yox, hələ sabaha çox vardı, çox!..
Göydə bədirlənmiş ay elə bil batmağa yox,
hamilə qadın kimi doğmağa tələsirdi.
Ayın aydınlığında bulud-zad nə gəzirdi?!..
Göy üzü bir körpənin üzütək dupduruydu.
Göy üzü köhnə, qədim ulduzlarla doluydu…
Ramiz Rövşən


