BU GÜN RƏSULZADƏ GÜNÜDÜR

Ulu öndərin doğumunun 124-cü ili tamam
Kamil və örnək insan, mücahid, güclü məntiq və fəzilət yiyəsi...
Tam əksinə. Deməli, xalqın sevgisini heykəllər, muzeylər şərtləndirmir. O əbədiliyin əsasını böyük əməl və məfkurə sahibi olmaq, ciddi və real işlərin ortalığa qoyulması təşkil edir. Və həmişə M.Ə.Rəsulzadəyə olan hücumları, qeyri-obyektiv yanaşmaları görəndə öndərin öz sözlərini xatırlamışam: “Demokratiya olmayan yerdə həmişə demoqogiya baş qaldırır”.
İrəvançılarin Rəsulzadəyə yeni hücumu
Əslində onun ünvanına yönələn, bu yaxınlarda böyük səs-küylə ictimaiyyətin müzakirəsinə çıxarılan “qondarma İrəvanı Azərbaycan Xalq Cümhuriyyəti və Milli Şurası verib” ittihamı gülünc məqamlarla doludur. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ərəfəsində, bu yubileylə bağlı konkret heç bir işin görülmədiyi zamanda, cümhuriyyətçi qurucuların məzarlarının ayrı-ayrı ölkələrdən vətənimizə gətirilmədiyi halda, hələ onlardan heç birinin ev-muzeyinin yaradılmadığı məqamda İrəvan hay-küyünü gülünc məsxərə adlandırmaq fikrindəyəm. Yoxdan bir bayraq qaldıran, müstəqillikdən əsər-əlaməti olmayan, quberniyalar halında yaşayan məmləkətə Xalq Cümhuriyyəti adı ilə idarəçilik forması gətirən o kişilərə “sağ ol” demək əvəzinə onları əsassız olaraq top-tüfəngə tuturlar.
İstər M.Ə.Rəsulzadə olsun, istərsə də onun məsləkdaşları (F.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və b.) real siyasətçilər idi və həm tarixi gerçəyi, həm də dünyanın taleyini həll edən böyük dövlətlərin maraqlarını yaxşı başa düşürdülər. Bir haşiyə çıxım ki, geniş əraziləri qoruyub saxlamaq mümkün olsaydı, onda bizdən qat-qat güclü silahlı qüvvəlləri olan ingilislər və türklər çox torpaqlardan çəkilməzdilər.
İndi ittiham edilən Azərbaycan Milli Şurası istiqlalımızı Tiflisdə elan edəndə demək olar ki, heç bir silahlı gücə sahib deyildi. Və onların qarşısında Bakı problemi ciddi olaraq dayanmışdı. Erməni silahlı qüvvələrini nəinki İrəvan erməniləri (orada Türkiyədən və digər yerlərdən gəlmiş 16 minə qədər silahlı erməni vardı), eyni zamanda ingilislər və ruslar müdafiə edirdi, hətta Bakını nəzarətə götürmüşdülər. Deyəsən unuduruq ki, erməni silahlı gücləri 1918-ci ilin martında elə Bakının özündə 10 mindən çox insanın qətlə yetirmişdilər. Bakıda ingilis, rus qüvvəlləri ilə birgə ermənilər fəaliyyətdə idi. Belə vəziyyətdə nə önəmli idi: “İrəvan, İrəvan deyib qışqırmaq, yoxsa Bakını azad etmək?”
Lakin M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Xalq Cümhuriyyəti dövründə həm Bakı şəhəri alındı (1918-cı il, sentyabrın 15-i), həm də Qarabağ problemi, demək olar, həll edildi. Və Zəngəzurun da daxil edildiyi Qarabağ general-qubernatorluğu yaradıldı, X.Sultanovun başçılığı altında bu ərazilərdə asayiş bərpa edildi. Elə o zaman da ermənilər təkid edirdi ki, Qarabağ məsələsi Versal Sülh Müqaviləsində baxıldıqdan sonra qoyulsun. Lakin M.Ə.Rəsulzadə və onun əməldaşları “Qarabağ bizim daxili işimizdir, öz ərazimizdir” deyib problemi həll etdilər. Yəni indiki kimi, problemi ATƏT-in Minsk Qrupu deyilən anlaşılmaz quruma həvalə etmədilər ki, məsələ uzanıb 15 ilə çıxsın və hər dəfə də Minsk Qrupu bizimlə zarafatlaşsın ki, “məsələnin həllinə bir az da yaxınlaşmışıq”. Gücün reallıq olduğunu yaxşı bilən M.Ə.Rəsulzadə və dostları isə türklərin köməyi ilə həm Azərbaycan torpaqlarını azad etdilər, həm də yüksək döyüş qabiliyyətli ordu yaratdılar.
Rəsulzadə peşəkar siyasətçi idi
M.Ə.Rəsulzadə həqiqətən peşəkar siyasətçi idi. O, nəinki Azərbaycan tarixində, bütövlükdə dünyada az sayda olan şəxsiyyətlərdəndir. 71 illik ömründə o, XX əsrin çox məşhur siyasətçiləri ilə yaxından təmasda olub və hər dəfə Azərbaycanın müstəqilliyi fikrini önə çəkib və onlar tərəfindən dəyərləndirilib. Baxaq bu adlara: M.Ə.Rəsulzadə-Stalin, M.Ə.Rəsulzadə-Hitler, M.Ə.Rəsulzadə-Atatürk, M.Ə.Rəsulzadə-Marşal Pilsudski və s. Yada salım ki, onun 1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilməsinə dövrünün ən böyük siyasətçiləri - F.Xoyski, H.Ağayev, Ə.Topçubaşov və s. səs veriblər.
Bütün həyatı ağır və şərəfli mücadilələrdə keçən M.Ə.Rəsulzadə İranda, Türkiyədə, Almaniyada, Polşada Azərbaycanın müstəqilliyi davasını yorulmadan yürüdüb və bu yoldan bir an da geri çəkilməyib. Doğum günündə onun XX əsrin ən tanınmış şəxsiyyətlərilə olan bəzi təmaslarını oxucuların diqqətinə çatdırıram:
İ.V.Stalin onun haqqında
“Mən bunun üçün gəlmədim, buraya gəlincə məhbus olduğunuzu öyrəndim. Buradakılar (yerli kommunistlər) sizdən qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklifi edir. Fəqət, mən bu iki ehtimalın heç birini sizə rəva görmürəm. Siz əski mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanada çürüdüləcək bir insan deyilsiniz”.
Hitlerlə danışıqlarda müstəqillik tələbi
Hitler Almaniyası ötən əsrin 30-40-cı illərində onunla danışıqlar aparırdı. “Heç bir Milli Komitə istəmirəm” deyən Hitlerin tənqidlərinə baxmayaraq M.Ə.Rəsulzadə Berlində “Milli Azərbaycan Komitəsi” yaratmış və müstəqillik uğrunda mübarizə aparır, Almaniya hökuməti qarşısında məsələ qaldırırdı. Berlində isə o, 1932-ci ildə “İstiqlal” qəzetini, 1934-cü ildə isə “Qurtuluş” jurnalını nəşr etdirmişdi. 1938-ci ildə onun Berlində “Azərbaycan problem”i əsəri çap olunub. Almaniya hakimiyyəti dairələrində İon Mende və A.Rozenberqin vasitəsilə M.Ə.Rəsulzadənin dəyərləndirilməsinin vacibliyi bildirilirdi. Lakin M.Ə.Rəsulzadənin “azərbaycanlı missionerlər başqa xalqlara qarşı savaşmayacaqlar” fikrini açıqca bildirməsindən sonra Hitler onun Almaniyanı tərk etməsini tələb etdi.
Atatürkün adını daşıyan ilk mükafat ona verilmişdi
1923-cü ildə İzmirdə beynəlxalq kitab festivalı keçirilirdi. M.Ə.Rəsulzadənin yeni çap edilmiş “Azərbaycanın keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti” kitabı Atatürk mükafatına layiq görüldü. Lakin Atütürk ona sayğısını hər zaman bildirmişdi. Sovet dövlətinin etirazlarına baxmayaraq, məhz Atatürkün razılığı ilə İstanbulda M.Ə.Rəsulzadə əvvəl “Yeni Qafqasiya” (1923-1927-ci illər) sonradan isə “Azəri-Türk” (1928-1929-cu illər), “Odlu Yurd” (1929-1931-ci illər) jurnallarını nəşr etdirmişdi.
Qeyd edək ki, bu jurnalların maliyyə dəstəyi Atatürk tərəfindən birbaşa edilməsə də, onun razılığı ilə “Türk Ocaq”larının xətti ilə edilirdi. Yalnız 1931-ci ildə Sovet dövləti ilə Türkiyə Cümhuriyyəti arasında bağlanan müqavilədən sonra M.Ə.Rəsulzadəyə olan münasibət dəyişdi. Atatürk ona siyasi fəaliyyətini dayandırmaq şərtilə Türkiyədə qala biləcəyini çatdırmışdı. Bu şərti isə M.Ə.Rəsulzadə qəbul etməmişdi.
Bundan sonra o, 5 il (1934-1939) Polşada yaşamış, burada Azərbaycanın istiqlal mübarizəsini yürütmüşdü. Marşal Pilsudski “bolşevizmə qarşı ümumi cəbhə yaratmaq” planını dəstəkləyən mühacir liderlər sırasında M.Ə.Rəsulzadə önəmli yer tutur. Marşal ona yazdığı bir məktubda M.Ə.Rəsulzadəyə böyük ehtiram göstərdiyini xüsusi vurğulayırdı: “Zati-aliləri, cənab M.Ə.Rəsulzadəyə, Azərbaycan Milli Mərkəzinin prezidentinə, Konstantinopola.
Cənab Prezident!
Mən sizin 31 mart 1923-cü il tarixli Azərbaycan ordusunun öz istəklərini nümayiş etdirən zabitlərinə aid məktubunuzu təsdiq edirəm. Mənim ən böyük arzum Azərbaycan Ordusunun igid zabitlərini qoruya bilmək və eyni zamanda onları bizim orduya qəbul etməkdir.
Cənab Prezident! Sizə olan dərin ehtiramımı qəbul etmənizi arzu edirəm. Polşa Ordusunun Ali Baş komandanı Marşal Pilsudski”.
1935-ci ildə M.Ə.Rəsulzadə “Qurtuluş” jurnalında Pilsudski haqqında çox dəyərli bir məqalə çap etdirmişdi.
Rəsulzadə və məşrutə hərəkatı
M.Ə.Rəsulzadə İranda gedən prosselərlə də daima maraqlanırdı. 1908-ci ilin sonlarından o, “Tərəqqi” qəzetinin müxbiri kimi İrana getsə də, orada İran Demokratik Partiyasının təşkilində böyük rol oynamışdı. 1910-cu ildə İranda Avro tipli ilk qəzetin “İrani-nov”un (“Yeni İran”) əsasını qoymuşdu. Məşrutə hərəkatına qəlbdən bağlı olan M.Ə.Rəsulzadə orada şəxsən Səttar xanla görüşmüş, sonradan özünün çox maraqlı “Səttar xan” məqaləsini yazmışdı.
Orada dostluq etdiyi İranın tanınmış xadimi Seyid Həsən Tağızadə onun haqqında yazırdı: “Rəsulzadə ömrüm boyu Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə bilərəm, fəvqəladə insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı. Belələrinə zamanımızda və bizim tərəflərdə rastlaşmaq həmən-həmən imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz”.
“Vətən övladı” - Rəsulzadə...
Böyük bəstəkarımız Üzeyir Hacıbəyli özünün 1918-ci ildə yazdığı “Təəssürat” məqaləsində M.Ə.Rəsulzadəyə böyük sayğısı olduğunu ifadə edərək yazırdı: “Məhəmməd Əmin çıxışında bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə “bu bayraq endirilə bilməz!” dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayrağı salamlarkən aldığım təəssüratdan başımın bütün tükləri biz-biz durdu...
Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin məclisini bir nəfər Vətən övladı açdı. Məhəmməd Əmin də natiqlikdə “patent” qazanmış olan “oratorlara” məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da getdikcə qızışıb özlərinin dəruni-qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi‘.
Qurtuluş ideoloqu - Rəsulzadə...
M.Ə.Rəsulzadənin Azərbaycan Milli İstiqlal mübarizəsi tarixindəki rolunu yüksək dəyərləndirən Mirzə Bala Məmmədzadə onu “Azərbaycan Milli Qurtuluş hərəktının ideoloqu” adlandırırdı. O yazırdı: “Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” deyə həyata göz yumdu. O, prinsipə sədaqətinin, məfkurəyə bağlılığın və bu yolda fədəkarlıq, əzm və səbatın bir timsalı idi. Çünki o tam mənası ilə fəzilət sahibi, kamil bir insan idi.
Nəsiman YAQUBLU
qaynaq - musavat.com



