Azərbaycan Demokratik Respublikası

Azərbaycan Demokratik Respublikası (ADR) - Yaxın Şərqdə ilk demokratik və dünyəvi dövlət. ADR 27 may 1918də Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.
15 sentyabr 1918də, ağır döyüşlərdən sonra, Azərbaycan Milli Ordusunun və Nuru paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını Bolşevik, Daşnak Erməni və İngilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan höküməti Bakıya köçmüşdür.
Görkəmli dövlət xadimləri
Məmməd Əmin Rəsulzadə
Əlimərdan bəy Topçubaşov
Fətəli xan Xoylu
Nəsib bəy Yusifbəyli
Camo bəy Hacınski
Xudadat bəy Məlik-Aslanov
Əkbər ağa Şeyxülislamov
Cəfərov Məmməd Yusif
Sultanov Xosrov
Xəlil bəy Xasməmmədov
İstiqlal Bəyannaməsi
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.


