Erməni vəhşilikləri
Oxuyun, tanış olun və düşünün...
Dağlıq Qarabağla bağlı beynəlxalq qurumların problemlə əlaqədar obyektiv hesabat hazırlayacaqları haqda bəyanatları çox eşitmişik. Hamısı bu savaşda haqlı olduğumuzu deyir və gedir.
Vəd də verir ki, münaqişənin ədalətli həllinə çalışacaq. On beş ildən artıqdır bu vədlərə, bəyanatlara öyrəşmişik. Hansısa konkret əməli nəticədən danışmaq isə sadəlövhlük olardı. Hətta bəzi hallarda Bakıda Azərbaycanın ədalətli mövqedə olduğunu deyib geri döndükdən sonra ermənilərin havasına oynadıqları da məlumdur. Nəzərə almaq lazımdır ki, bir milyondan artıq qaçqın ilan mələşən çöllərdən, susuz səhralardan doğma yurduna dönəcəyi günü səbirsizliklə gözləyir. Və onlar bizim yerimizə erməniylə vuruşub torpağımızı geri qaytarası, ürəyimizdəki namus ləkəsini təmizləyəsi, şəhidlərimizin qanını alası deyillər. Bu, bizim - namusuna təcavüz edilmiş, papağı ayaqlar altına atılmış, öz vətənində didərgin həyatı yaşayanların borcudur.
...Onların sayı minlərlədir. Əsir və itkin düşənlərin, girov götürülənlərin, hər gün, hər dəqiqə işgəncələrə, təhqirlərə məruz qalanların... ləyaqəti tapdalananların. Bu, onların bir qismidir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında mövcud olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq, 312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib, təcavüz nəticəsində 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkin düşüb. (Statistika 01.04.04 tarixədir.)
Azərbaycan tərəfində olan təkzibolunmaz faktlar göstərir ki, ən azı 783 vətəndaşımız ermənilər tərəfindən əsir, yaxud girov götürülüb, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən BQXK-dan gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib. Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupunun üzvləri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi barədə məlumatları təsdiq edir. Lakin sözügedən vətəndaşlarımızın taleyi bu günədək naməlumdur.
Taleyi naməlum olan əsir və girovlardan bir qismi:
Hüseynova Mehriban Allahverdi qızı: Xocalı şəhərinin işğalı zamanı 3 azyaşlı uşağı ilə birlikdə girov götürülüb. Əsirlikdən azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə Yerevan şəhərində istintaq təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan Mayılın onlardan heç bir xəbəri olmayıb.
lErməni tərəfi Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir.
lHüseynova Tamara Saleh qızı: 26.07.1992-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində ermənilər tərəfindən girov götürülüb. Qardaşı Akif Hüseynov bacısının axtarışı ilə əlaqədar bir neçə dəfə erməni tərəfi ilə apardığı danışıqlar zamanı Tamara Hüseynovanın Berd rayonunun Paravakar kəndində, itkin düşmüş Alaverdiyan Mqerin ailəsində saxlanıldığı bildirilib. 06.11.1992-ci il tarixdə erməni tərəfindən Alaverdiyan Şamir Alekseyeviç adlı şəxs Akif Hüseynova teleqram vuraraq bacısı Tamaranın girov saxlanıldığını təsdiq edib. Tamara Hüseynovanın ermənilər tərəfindən girov götürülməsi Əsir və girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu tərəfindən də təsdiqlənib.
Lakin Tamara Hüseynovanın da girovluqdakı sonrakı taleyi bu günədək naməlumdur.
lRəhimov Rəhim Əbdülkərim oğlu: 24.06.1993-cü il tarixdə Ağdərə rayonunda əsir götürülüb. 16.07.1993-cü ildə Rusiyadan (Orenburq şəhəri, Volqoqradskaya küçəsi, ev 40/2, mən. 69) ailəsinə vurulmuş teleqramda R.Rəhimovun Ağdərə rayonunun Vaqauz kəndində Ağacanyan Qrelin evində saxlanıldığı bildirilib. 1993-cü ildə ailəsi R.Rəhimovdan BQXK vasitəsi ilə məktub alıb. Bu məktubda R.Rəhimov itkin düşmüş Ağacanyan Joranın tapılıb onunla dəyişdirilməsini xahiş edib.
Erməni tərəfi R.Rəhimovun da sonrakı taleyi ilə bağlı faktları bu günədək gizlətməkdədir.
Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, əsir və girov götürülməsinə dair məlumat olan, lakin sonrakı taleyi naməlum qalan şəxslərin siyahısında böyük əksəriyyət erməni əsirliyində öldürülüb, yaxud işgəncə və xəstəliklərdən vəfat edib, az bir hissəsi isə indi də gizlədilərək ağır fiziki işlərdə qul kimi istifadə olunur.
Azərbaycanlı əsir və girovlara qarşı törədilmiş cinayətlər
1988-2003-cü illərdə 1335 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilib. Dövlət Komissiyasında olan məlumatlara görə, əsirlikdən qayıtmış vətəndaşlar arasında şikəstlik, mənəvi iztirabların təsirindən ruhi xəstəlik, saxlanma şəraitinin elementar tələblərə cavab verməməsi səbəbindən vərəm və s. xəstəliklər qeydə alınıb. Bir sözlə, erməni əsir və girovluğu bu şəxslərin səhhətində, psixikasında ömürlük iz qoyub.
Komissiyadakı materiallar sübut edir ki, yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən, uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib - onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları və damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib, bədən hissələri kəsilib özlərinə yedirilib, üzərlərində tibbi eksperiment aparılıb:
lGirov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst olub.
lKəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olub. A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.
lErmənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsib, anası hədə və şantajlara dözməyərək dəli olub, qızın özünü isə 4 min rus rubluna ailəsinə satıblar.
lErməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, mismar kəlbətini ilə 16 dişini çıxarıblar.
lAğdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb.
lAğdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər.
l1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
lYaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
lHərbi əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.
Eyni zamanda, əsirlikdə saxlandığı müddətdə yüzlərlə vətəndaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, işgəncələrin təsirindən ölmüş, amansız rəftara məruz qalmaqla və ləyaqəti mütəmadi alçaldılmaqla özünüöldürmə dərəcəsinə çatdırılmışdır. Erməni əsirliyində törədilmiş cinayətlərə dair faktlar Dövlət Komissiyasına bu gün daxil olmaqdadır:
1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından (“QSM-7”) Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya (“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olub. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.
16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya “qaçmağa cəhd edərkən” öldürülməsi fikrini rədd etmişdir.
lKəlbəcər şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı uşağı-Kərimova Nurlanə ilə birlikdə girov götürülmüşdür. Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin özünün məruz qaldığı işgəncələrə dözməyən Səmayə 15 may 1993-cü il tarixdə özünə qəsd etmişdir.
lƏmirova Xəzəngül Təvəkkül qızı: Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin tökərək yandırmışlar.
lİlham Nəsirov: 1992-ci il iyulun 27-də Ağdərə uğrunda gedən döyüşlərdə başından, boynundan və çiynindən yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüşdür. Avqust ayının 8-də Xankəndindən İlhamın ailəsinə zəng edilmiş və onun Yerevanda Arakelyan familiyalı bir erməninin evində saxlanıldığı bildirilmişdir. Ailə İlham Nəsirovun azad edilməsi üçün itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərtini irəli sürmüşdür. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İ.Nəsirov sonradan Yerevan qospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmamışdır. Qospitalın rəisi Ş.Arakelyanın 24 noyabr 1993-cü il tarixli, 06/134 saylı məktubunda da göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.
lHeydər Heydərov, Şuşa həbsxanasında saxlanıldığı müddətdə məruz qaldığı işgəncələrin və mütəmadi döyülmələrin təsirindən vəfat etmişdir.
lErməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o, müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.
lErməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını “Kirovabad” demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə əsirlikdən azad edilmiş Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.
Bu, əsir və girov olmuş vətəndaşlarımıza qarşı törədilmiş cinayət faktlarının bir qismidir. Amma tək elə bu faktlar əsir və girov olmuş vətəndaşlarımıza qarşı hansı vəhşiliklərin, hansı cinayətlərin edildiyi barədə tam təsəvvür yaradır. Ümumiyyətlə isə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Komissiyası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlı əsir və girovlara qarşı törədilmiş vəhşiliklər barədə çoxsaylı məlumatlar, şəhadətlər və prosessual sübutlar əldə edilmişdir. Artıq 2002-ci ildə Dövlət Komissiyasının qərarı ilə azərbaycanlı əsir və girovlara qarşı cinayət törətmiş ermənilərlə bağlı faktlar üzrə toplanan materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Başlanılmış cinayət işinin ibtidai istintaqı göstərmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə Şuşa həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında, hərbi hissələrdə, polis şöbələrində və digər yerlərdə ermənilərin qanunsuz silahlı birləşmələrinin üzvləri, həbsxana və təcridxana işçiləri qulluq vəzifələrini yerinə yetirərkən əsir düşmüş hərbçilər və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki şəxslərlə amansız rəftar edilib, onlar öldürülüb, yaxud özünüöldürmə dərəcəsinə çatdırılıb, zorlanıb, ləyaqətləri mütəmadi alçaldılıb və digər işgəncələrə məruz qalıb. İstintaq prosesində azərbaycanlı əsir və girovların kütləvi şəkildə öldürülməsi, işgəncələr verilməsinin məhz Ermənistanın silahlı birləşmələrinin hərbi qulluqçuları və Dağlıq Qarabağdakı separatçı rejimin liderləri tərəfindən təşkil edildiyi və istiqamətləndirildiyi bir daha təsdiqini tapmışdır.
Davamı olacaq.
Könül Zərbəliyeva
"Olaylar" qəzeti


