ERMƏNİSTAN TERRORU DƏSTƏKLƏYƏN DÖVLƏTDİR
BUNU AZƏRBAYCANA QARŞI HƏYATA KEÇİRİLƏN DƏHŞƏTLİ TERROR AKSİYALARI SÜBUT EDİR SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.
90-cı illərin əvvəllərində Ermənisatının rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər məşhur terror təşkilatları fəallarının reablitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.
1983-cü ilin iyun ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.
Məşhur terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmasının rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 1993-cü ildə döyüşlər zamanı Azərbaycan ərazisində öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.
Məşhur terrorçu, Daşnaksütyun partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.
1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazgen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. O, azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə prezident Robert Köçəryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülmüşdür.
Qarabağın dinc azərbaycanlı əhalisinin qətlə yetirilməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak etmişlər.
ERMƏNİ TERROR TƏŞKİLATLARI
Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adlarına və fəaliyyətinə qısa nəzər salaq.
"Armenakan" partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.
"Hnçak" partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir: "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir".
"Daşnaksütyun" - erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış "Erməni "soyqırımının" intiqamçıları" qrupu 1980 - 82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.
"Erməni gizli azadlıq ordusu" (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
"Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənlərimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".
ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı - Tbilisi - Ceyhan) ilə bağlı layihələrinin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.
"Geqaron": 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd - Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
"Erməni azadlıq hərəkatı" (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
"Erməni azadlıq cəbhəsi": 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
"Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
"Erməni soyqırım ədalət komandosları": 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
"Erməni birliyi": 1988-ci ildə Moskvada yaradılmışdır. "ASALA" ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.
"Demokratik cəbhə": ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi Türkiyə dövlətinin parçalanmasıdır.
"Apostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.
Məlum bir faktı da qeyd edək ki, erməni vəhşiləri tarixdə ən böyük cinayətləri Azərbaycan xalqına və Azərbaycan insanına qarşı törədiblər. Ağrılı da olsa, minlərlə, milyonlarla erməni vəhşiliyini əks etdirən dəhşətli terror aktlarından, ağılagəlməz işgəncələrdən bir neçəsini yada salaq və başımıza gətirilən münasibətləri və düşmənin düşmən olduğunu heç vaxt unutmayaq.
1992-ci il fevralın 25-i ermənilər Xocalıya hücum edəndə Səlimova Nənəşi, oğlu Arazla birlikdə girov götürüb Əsgərana aparıblar. Əsgəranda ermənilər ananın gözlərinin qarşısında oğlu Araza işgəncə verməyə başlayıblar. Onu tikə-tikə doğrayaraq və hər dəfə ətini kəsib ağzına soxurlar. Belə əzabla Arazı anasının gözü baxa-baxa qətlə yetirirlər. Sonra isə ananı buraxırlar ki, qoy ömrü boyu qovrulub əzab çəksin.
Xocalıda girov götürülən Səriyyə Talıbovanın sözlərinə görə, onları erməni qəbristanlığına gətirirlər. Burada bir erməninin qəbri üstündə 4 nəfər gənc mesxeti türkünün, 3 azərbaycanlının başlarını kəsirlər. Bundan sonra onlar valideynlərinin gözü qarşısında uşaqlara işgəncə verib, onları min əzabla qətlə yetirirlər. Sonra buldozerlərlə meyitləri dərəyə tökürlər. Vəhşilərin ürəyi (onların ürəyinin olmasına da şübhə edirsən - A.M.) bununla soymur və əynində milli ordunun forması olan iki azərbaycanlı gənci gətirib, gözlərini çıxarırlar. Eyni üsulla Tamara Məmmədovanın və İqbal Aslanovun da gözlərini çıxarıblar. Məhruzə Məmmədovanı isə daha dəhşətli amansızlıqla qətlə yetiriblər. Əvvəlcə qadının gözlərini çıxarıb, işığa həsrət qoyublar. Sonra onun döş vəzilərini və burnunu kəsiblər...
Nə qədər dəhşətli olsa da, bu, ermənilərin bizim başımıza gətirdikləri Yer üzündə analoqu olmayan müsibətlərdir.
A.MƏNSUMƏ
"Mövqe" qəzeti


