Ölən hərbçilərimizin sayı dördə çatıb
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər rayonu istiqamətində hücuma keçməsi nəticəsində Azərbaycan tərəfi daha bir itki verib.
APA-nın məlumatına görə, şəhid olanlardan biri Şəki rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Bəhruz İsmayılovdur. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı dördə çatıb. Gələn məlumatlar arasında Ermənistan tərəfinin də çoxsaylı itkilər verdiyi, ağır texnika və yaralı əsgərlərini təmas xəttində qoyaraq, geri qaçdığı barədə məlumatlar yayılır. Cəbhə xəttində hazırda da atışma davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, atışma davam edir, ətraflı məlumat daha sonra veriləcək.
Qeyd edək ki, ermənilər bu gün saat 11.00 radələrindən başlayaraq, Azərbaycan mövqelərini iri çaplı silahlardan atəşə tutmağa başlayıblar. Nəticədə Azərbaycan Ordusunun dörd hərbçisi şəhid olub, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sakinləri Əliyev Rəhman Süleyman oğlu və Heydərov Mirələm Knyaz oğlu isə güllə yarası alıblar.
Onu da xatırladaq ki, Azərbaycan Ordusunun hərbçiləri Nemət Qusayev və Yusif Qasımov bu gün səhər saatlarında düşmənlə döyüşdə şəhid olublar, daha sonra isə daha bir əsgər - Mövlud Quliyev həlak olub.
www.anspress.com


