ŞƏRQ UNUTQANLIĞI VƏ KOR DÜNYA
Ulu Şərq yenə qan verir. Sanki donor qismində çıxış edən Şərqin qan verməsi kimlərinsə yaşaması üçün labüddür. Təkcə yaşaması üçün deyil, həm də harın həyat tərzi sürməsi üçün …
4 fevral 2008-ci il tarixində, saat 12.45 radələrindən başlayaraq, işğalçı Ermənistan silahlı qüvvələri Tərtər rayonunun işğal altında olan Talış kəndi istiqamətindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini və Goranboyun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndini atəşə tutduğu haqqında informasiya yayıldı. Xəbər agentlikləri 4 əsgərimizin şəhid olduğunu bildirdilər. Analarımız yenə məsum göz yaşları axıtmalı oldu. Kənd sakinlərinin verdiyi məlumata görə, kənd, başqa sözlə dinc sakinlər yaşadığı məntəqələr iri çaplı pulemyotlardan atəşə tutulub, eyni zamanda kəndə bir neçə mərmi də düşüb. Sakinlər öz evlərinin içində işğalçıların şıltaqlığının əsirinə çevrilib. Erməniyə isə “gözün üstə qaşın var” deyən yoxdur!..
Bu günlərdə dünyanın müxtəlif informasiya agentlikləri Fələstində də işğalçıların “hərəkətə” gəlməsi və dinc vətəndaşlara qarşı amansız divan tutması haqqında məlumatlar yayımladı. Təkcə 1 fevral tarixində işğalçı İsrailin hərbi hava qüvvələrinin hücumları nəticəsində Qəzzada 50-yə yaxın dinc sakin şəhid olmuş, 150-dən artıq isə yaralanmışdır. Orada da analar məsum göz yaşları axıtmağa məhkum kəsiliblər. Eynilə bizim analarımız kimi...
Qeyd edək ki, son günlər Qəzzanın müxtəlif yaşayış məntəqələri israillilərin intensiv hücumlarına məruz qalmaqda və çoxlu sayda dinc əhali qətlə yetirilməkdədir. Son bir həftə ərzində əksəriyyəti dinc sakinlər olmaqla, 123 nəfərin şəhid edildiyi bildirilir. Dünyanın gözü qarşısında heç bir çərçivəyə sığmayan bu vəhşiliklər məsum korpələrdən də yan keçməmişdir. Televiziya ekranlarından şahidi olduğumuz kimi, həyətlərində oynayan günahsız uşaqlar İsrailin hərbi hava qüvvələrinin bombardmanı nəticəsində fani, bu ədalətsiz dünyadan körpə ikən birdəfəlik ayrılmalı, sanki küsüb əbədiyyət yurduna köç etməli olmuşlar. Əllərindəki param-parça olmuş oyuncaqlarıyla birlikdə...
İKT-nin baş katibi Əkmələddin Ehsanoğlunun yaydığı bəyanatda sionist rejimin Fələstin xalqına qarşı kütləvi qətllər etməsi pislənilir və rejimin Qəzza bölgəsində törətdiyi qırğınlar beynəlxalq qanunların açıqca pozulması kimi qiymətləndirilir. Buna bənzər bəyanatlarla bir neçə müsəlman ölkəsi, hətta bir sıra Qərb dövlətləri də İsrailin heç bir insani çərçivəyə sığmayan bu əməlini pisləmişlər.
Avropa Birliyi də bəyanat yayaraq dərhal İsraildən dinc əhaliyə qarşı törədilən cinayətlərə son qoymağı tələb etmişdi. Qəzzanın rəsmi dairələri, eləcə də bir sıra dövlətlər məsələnin dərhal BMT-nin Təhlükəsizlik Şurasına çıxarılmasını tələb etmişlər. Elə bu dönəmdə BMT-nin Təhlükəsizlik Şurası bir araya gəlib dərhal sanksiya tətbiq etmək qərarı vermişdir. Amma...
BMT Təhlükəsizlik Şurasında minlərlə, on minlərlə dinc fələstinlinin həyatını təhlükə içində saxlayan, körpələrin qanını axıdan cinayətkar İsrailə qarşı deyil, dinc məqsədlər üçün nüvə layihəsini həyata keçirən İrana qarşı yeni sanksiyalar qəbul edilib. Özü də demək olar ki, yekdilliklə qəbul edilib. Səsvermədə təhlükəsizlik şurasının 14 üzv ölkəsi iştirak edib. Qətnamənin təşəbbüskarı rolunda çıxış edən ölkələr Təhlükəsizlik Şurasında daimi üzvlüyə malik olmayan Liviya, İndoneziya, Cənubi Afrika və Vyetnamın hansı istiqamətdə səsverməsindən narahat olsalar da Liviya, Cənubi Afrika Respublikası və Vyetnam səsvermədə sanksiyaların tətbiq edilməsinin lehinə səs verib. Yalnız bir ölkə, İndoneziya səsvermədə iştirak etməyib. İndoneziyanın BMT-dəki nümayəndəsi Marti Nataleqava bildirib ki, onun təmsil etdiyi dövlət məsələnin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən nizamlanacağından əmindir, Təhlükəsizlik Şurası isə yeni sanksiyalarla hadisələrə müdaxilə edir. Qeyd edək ki, sanksiyalarda sivil və hərbi məqsədlər üçün nəzərdə tutulmuş İran məhsulları ilə ticarət qadağan edilir.
Bu hadisədən dərhal sonra nüvə silahına qeyri-qanunu yiyələnmiş İsrail BMT Təhlükəsizlik Şurasının “təhlükə mənbəyi olan” İrana qarşı qəbul etdiyi sanksiyaları alqışlamış və dünya ictimaiyyətindən İslam Respublikasına qarşı daha sərt addımlar atmağı istəmişdir. Bu bəyanatla İsrailin Xarici İşlər Nazirliyi çıxış etmişdir. Elə o günlərdə ki, bu dövlətin hərbi maşını Qəzzada dinc əhaliyə qarşı divan tutur, “sağına-soluna baxmadan”, yaşayış məntəqələrini hərbi təyyarələrdən bombardman edirdi. Elə həmin günlərdə ki, Fələstinin məzlum əhalisi haray edib, dünyadan İsrailə qarşı ölçülər görtürməyi, günahsız insan qətlinə son qoymağı tələb edirdi...
Elə bu əsnada Azərbaycanımızdan o diyara, “müsəlman qardaşlarının fəryadına” gedənlər də tapıldı. Yenə də bir “amma” ilə...
26 fevral 2008-ci il tarixdə, yəni XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 16-cı ildönümü günündə Azərbaycanda estrada ulduzu sayılan bir qrup sənətçi – Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva, Aşıq Zülfiyyə, Şəhla Həmidova və başqaları İsrailin vaxtıyla Xocalı faciəsinə bənzər bir amansızlıqla fələstinlilərdən işğal etdikləri Hayfa şəhərində təqribən bir il bundan öncə İsrailə köşmüş Tahir Mixaelova məxsus “Lotos” restoranının 400 nəfərlik yeni ziyafət zalının açılış mərasimində konsert proqramıyla çıxış ediblər. Tədbirdə Hayfa şəhərinin meri Yon Yaxav və Azərbaycan-İsrail Assosiasiyasının (AZİZ) vitse-prezidenti, İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri (?!) İosif Şaqalın müavini, Hayfa şəhər sovetinin deputatı Akko Nexemiya Şirin Mixaeli iştirak ediblər.
Xocalı kimi faciəyə ehtiramsızlığında israrlı olan Nadir Qafarzadə kimi məxluq heç bu günün fərqinə varmadığını, hətta anasının dünyasını dəyişdiyi günü belə xatırindən çıxatrdığını dilə gətirdi. Heç nə olmayıbmış kimi, Xocalı soyqırımı günündə özgələrinin axıdılan qanı üzərində öz xoşbəxtliyini quran israilli sifarişçilərinin dəvətini qəbul etməsinə görə xəcalət hissi keçirməyə cəsarət də tapmadı. Niyə? Bəlkə artıq millətimizin faciələri unutqanlıqla qarşılamasının şahidi olduğuna görə? Bəlkə rayonlarımızın işğal olunduqları gün öz yerli restoran-barlarımızda kef məclislərinin şahidi olduğuna görə? Bəlkə “çal-çağır zəmanəsinin” insanların psixologiyasına hakimi-mütləq olmasını zənn etdiyinə görə?..
Hər nə isə də, bu dəfə millətin reaksiyası layiqli oldu və dövlət orqanları da sənətçilərin bu xəyanətini cəzasız qoymadı. Nazirlik səviyyəsində, dövlət əhəmiyyətli tədbirlər onların üzünə bağlandı. Indi söz millətindi! Toylar, el şənlikləri necə, millətin matəm saxladığı gündə İsraildə çalıb-oxuyanların üzünə bağlanacaqmı?
Ulu Şərqin günləri beləcə qalmaqallarla ötür. Bir tərəfdən milli qeyrətlə, bir tərəfdən isə dəyərlərimizə sadiq olub-olmamağımızla sınanır Şərq övladları. Nadir unutqanlığıyla axıdılan yeni-yeni qanlar, anaların saf göz yaşları eyni səma altında dolaşır ətrafımızda. Dövran isə bu göz yaşlarına laqeydlik göstərməməyə səsləyir bizləri. Bu səsi eşidirikmi?..
“Yeni Şərq” Elmi Araşdırmalar Mərkəz
mənbə www.deyerler.org




QORXU
Bax mən bu gündən qorxurdum,
Işsiz qalacağım gün:
Dost- tanışdan bir xəbər,bir dəvət,
Bir zəng belə almayacağım gün.
Bax mən bu gündən qorxurdum,
Hər kəsi, qohumları,
Səni belə unudacağim gün.
Bax mən bu gündən qorxurdum,
Hər kəsin, hər şeyin mənə,
Mənim də hər kəsə, hər şeyə
Biganə qalacağım gün.
Bax mən bu gündən qorxurdum,
Pulsuz qalacağım gün:
Dünyada,
Heç nəyi itirmək qorxusu
Hiss etməyəcəyim gün.
Bax mən bu gündən qorxurdum,
Vətənsiz qalacağım gün.
Torpaqlarımın
Ölülərimlə, dirilərimlə birgə
Düşmənin ixtiyarında qaldığı gün.
Millətimin millilikdən başqa,
Hər şeyi nümayiş etdirdiyi gün.
Bax mən bu gündən qorxurdum,
Məni Allahsız, cinayətkar etməyə
Hazır olan səbəblərin
Bir arada olduğu gün.
Hər şeyi etməyə hazır,
Qorxulu bir canlıya çecrildiyim gün.
Bax mən,
Bu gündən qorxurdum!!!
Raqif RAUFOĞLU
Mart 11, 2008 15:49