GİRİŞ- ÇIXIŞ
Bu aləm başlayır giriş- çıxışdan,
Kim hardan girirsə, giriş sayılır.
Kim vaxtı nə cürə edirsə başdan,
Bu onun vaxtında bir iş sayılır.
Hərə bir hoqqadan, bir işdən çıxır,
Birisi baş-ayaq, biri yan girir.
Pulu çox olanlar girişdən çıxır,
Pulu olmayanlar çıxışdan girir.
Birisi biznesə, işə girişir,
Birini tuturlar çıxış edəndə.
Deyirlər bu çıxış edən gicişir,
O da günahkardır, alqış edən də
Itirib dünyanın qapılarını,
Baxır mənə üstü, başı qan adam.
Çıxıb aşa bilmir öz hasarını,
Çıxış yollarını axtaran adam
Raqif Raufoglu- 12/06/08


