Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Açsan gözünü rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrət görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Bu aləm başlayır giriş- çıxışdan,
Kim hardan girirsə, giriş sayılır.
Kim vaxtı nə cürə edirsə başdan,
Bu onun vaxtında bir iş sayılır.
Hərə bir hoqqadan, bir işdən çıxır,
Birisi baş-ayaq, biri yan girir.
Pulu çox olanlar girişdən çıxır,
Pulu olmayanlar çıxışdan girir.
Birisi biznesə, işə girişir,
Birini tuturlar çıxış edəndə.
Deyirlər bu çıxış edən gicişir,
O da günahkardır, alqış edən də
Itirib dünyanın qapılarını,
Baxır mənə üstü, başı qan adam.
Çıxıb aşa bilmir öz hasarını,
Çıxış yollarını axtaran adam
Raqif Raufoglu- 12/06/08
Heykəl var-məzara gömülsün gərək,
Məzar var, heykəli ucalmalıydı.
N.Həsənzadə
Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
Sən öz canını qoydun.
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndu tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə.
Zamana bax! Bu torpağı
Birsağ ola satana,
Xəyanətin kölgəsində
rahat-rahat yatana
Bu milləti ölümlərlə
imtahana çəkənə
Məmləkəti başdan-başa
talayana, sökənə
Heykəllər ucaltmışıq.
Özümüzü bəyənməyib
Beynəlmiləl laylasına yatmışıq.
Yatdığımız bəs etməzmi?
Ayılaq bir, görək bir
Xeyir nədir, şər nədir?
Riyalara,boyalara
yetmiş ildir uymuşuq.
Gör kimin əvəzinə
kimə heykəl qoymuşuq.
Ancaq ana təbiətdə
Bir əzəli qayda var:
Bünövrəsi eşq olmayanın
Tunc olsa da tez uçar.
Heykəl-məzar!
Biri- zora söykənibdir
Biri-haqqa, şərəfə!
Davamlıdır
qəlbimizə köçüb gələn o məzar.
Postamenti nifrət olan
yüz heykəldən yüz dəfə!
28 may, 1990
Bir ananın övladıyıq biz hamımız
Bizi biri-birimizdən ayrı saldı
Məqsədimiz, məramımız.
Beynimizdə tağ atınca
Fikirlərin neçə rəngli göy qurşağı
Meydan açdı cəbhələrin solu, saği.
Kölgələndi, üstələndi
Qan birliyi, can birliyi,
din birliyi.
Cilalandı
fikir,
şüur,
yön birliyi.
Hardan çıxdı qarşımıza qara pişik?
Bu gün biri-birimizə
Qatı düşmən kəsilmişik.
Bu gün vahid anamızı
hərə çəkir bir tərəfə.
Kinimizi, eşqimizi
tuşlamırıq bir hədəfə.
Olan olub, torba dolub
Əsl düşmən unudulub.
Amma biri-birimizlə didişirik.
Söküb köhnə palan içi, gor eşirik.
Ömrüm boyu istəmişəm
fikirlərin min rəngini-
Duyğuların çələngini.
Amma bu gün düşünürəm:
Bu fikirlər toqquşması
Vətənimin xeyrinəmi?
Yox! Savaşlar qarşısına
Sipər etmək istəyirəm öz sinəmi!
Bizim biri-birimizə kinimizdən
Bulanıbdır dağlardakı sərçeşmələr.
Anlamıram bu məqamda
Gərəkmidir bir bu qədər çəkişmələr?
Sən də övlad, mən də övlad,
Sən də insan, mən də insan
Doğulmuşuq bir anadan,
Qanda birik, canda birik
Anaraızın xatirinə
Bəs niyə biz bir məxrəcə gələmmirik?
Atam oğlu, niyə qardaş bağındakı
Gülü deyil, kolu gördün?
Öz gözündə tiri deyil,
Qardaşının gözündəki qılı gördün?
İş gücümüz didişməkmi?
Leş üstündə didişərlər... Vətən leşmi?
Bölünməmiş nəyimiz var? O Vətəndir!
O, həm səndir, o həm məndir.
Necə bölək məni, səni?
Necə bölək bu Vətəni?
Yarı mənim, yarı sənin?
O, meyvəli bir ağacdır
Adı mənim, barı sənin?
Razısanmı bu bölgüyə?
Razısansa, gəl, barışaq.
Qarğa kimi leş üstünə gəl, darışaq.
Utanıram bu sözümdən
Əfv et məni,
yazıq Vətən, yazıq Vətən!
Fəryad çəkən bu ananı düşünən yox!
Öz dərdinin atəşinə
Qalananı düşünən yox!
Нəг ikisi "mənəm" - deyir
İqtidara yetişməkdən
Ayrı bir şey düşünməyir-
Coşan qəlblər, qızan başlar.
Hakimiyyət davasıdır bu savaşlar.
Vətənçin gün ağlamayır
Nə o tərəf, nə bu tərəf.
Bu Vətəni
Dədəsindən ona qalan əmlak sayır
Həm o tərəf, həm bu tərəf.
Hər biri öz peşəsində
Namus ilə çalışanlar
Bu Vətənin dərdi ilə alışanlar
İkisinin arasında
Qalıb ancaq yana-yana
Müfxalifdir həm o yana, həm bu yana.
Mart, 1998.
Cəmiyyət pisdir ? -- Səbəb insandır!
Mühit pisdir? -- Səbəb insandır!
Şərait pisdir ?-- Səbəb insandır!
Həyat pisdir ? -- Səbəb insandır!
Zaman pisdir ? -- Səbəb insandır!
Məkan pisdir? -- Səbəb insandır!
Dünya pisdir ?-- Səbəb insandır!
Ailə pisdir ?-- Səbəb insandır!
İstehsal münasibətləri pisdir ?-- Səbəb insandır!
Milli münasibətlər pisdir ?-- Səbəb insandır!
Dövlətlərarası beynəlxalq münasibət pisdir ?-- Səbəb insandır!
Ekologiya pisdir ?-- Səbəb insandır!
İnsan pisdir ?-- Səbəb Yenə səbəb insandır!




